Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Milli Xalça Muzeyində Birinci Türkoloji Qurultayın
100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” çərçivəsində “Bir
mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisinin açılış
mərasimi keçirilib.

Alyona Əliyeva tədbirdə iştirak edib.

Mərasimdə çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə
Məlikova bildirib ki, sərgi Azərbaycanın Mədəniyyət Nazirliyi,
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Milli Təhsil Nazirliyi,
Yunus Əmrə İnstitutu, Olğunlaşma İnstitutları və Azərbaycan Milli
Xalça Muzeyinin dəstəyi ilə ərsəyə gəlib.

Direktor qeyd edib ki, bu sərgi dili, tarixi, sənəti və təhsili
bir araya gətirərək, minillik mədəni irsin müasir nəsillərə
çatdırılmasına xidmət edir. “Ekspozisiya ziyarətçilərə “Divanü
lüğat-it-türk”ün daşıdığı zəngin mənəvi və mədəni dəyərlərə yeni
baxış bucağından yanaşmaq, sözün min ildən artıq bir dövrdə dəyərə,
dəyərin əmələ, əməlin isə mədəni davamlılığa çevrilməsi prosesini
izləmək imkanı yaradır. Türkiyə Milli Təhsil Nazirliyinin Həyatboyu
Öyrənmə Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Olğunlaşma
İnstitutları tərəfindən hazırlanan sərgi türk mədəniyyətinin ən
mühüm yazılı irs nümunələrindən biri hesab olunan “Divanü
lüğat-it-türk” əsərinin müasir bədii interpretasiyasını təqdim
edir”, – deyə Ə.Məlikova vurğulayıb.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov sərginin türk
dilinin tarixi inkişafını və zənginliyini nümayiş etdirən əlamətdar
mədəni hadisə olduğunu bildirərək deyib: “Dil daim inkişaf edən
canlı sistemdir və Azərbaycan dili də müasir türk dilləri ilə
qarşılıqlı əlaqə nəticəsində zənginləşməkdə davam edir. “Divanü
lüğat-it-türk” türk dillərinin zənginliyini əks etdirən ən qiymətli
mənbələrdən biridir”.

Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan
Seyhan vurğulayıb ki, sərgi ortaq türk mədəni irsinin nümayişi
baxımından mühüm əhəmiyyət daşıyır. O, tədbirin məhz Milli Xalça
Muzeyində keçirilməsini xüsusi dəyər kimi qiymətləndirib.

Türk Dil Qurumunun keçmiş sədri professor Şükrü Haluk Akalın
diqqətə çatdırıb ki, ekspozisiyada nümayiş etdirilən əsərlər
“Divanü lüğat-it-türk”də yer alan sözlərdən, anlayışlardan, atalar
sözlərindən və zəngin mədəni irsdən ilhamlanaraq hazırlanıb.




“Toxuculuq, tikmə, keramika, ağac və metal işləmə sənətlərinə
aid nümunələr Qaraxanlılar dövrünün memarlıq motivləri əsasında
müasir bədii üslubda yenidən işlənib. Sərgidə, həmçinin yazı
mədəniyyətini əks etdirən mürəkkəb qabları, kitab cildləri, eləcə
də miniatür sənəti vasitəsilə canlandırılmış uşaq oyunları, toy
mərasimləri, döyüş və ziyafət səhnələri nümayiş etdirilir. Bu
eksponatlar türk xalqlarının tarixi-mədəni yaddaşını, ortaq
dəyərlərini və sosial həyatını bədii ifadə vasitələri ilə
ziyarətçilərə çatdırır”, – deyə Şükrü Haluk Akalın əlavə edib.

Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Həyatboyu Öyrənmə
Baş İdarəsinin layihə üzrə mütəxəssisi Dilay Nakış Azərbaycanda
keçirilən bu layihədə iştirak etməkdən qürur duyduqlarını
bildirib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Divanü lüğat-it-türk”ün
türk dünyasının ortaq dil və mədəniyyət xəzinəsi olduğunu
vurğulayıb.

Tədbir bədii hissə ilə davam edib. Azərbaycan Milli
Konservatoriyasının aşıqlar dəstəsi musiqi nömrəsi ilə çıxış
edib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi iyulun 13-dək davam edəcək.