Milli Qurtuluşdan qüdrətli Azərbaycana

Baş səhifə

Bakı. Trend:

Müstəqilliyimizin ilk illərində respublikamızda cərəyan
edən ağır və keşməkeşli proseslər, ölkəni sarsıdan faciəvi
hadisələr orta və yaşlı nəslin xatirindədir. Bir tərəfdən
torpaqlarımız işğal olunur, digər tərəfdən regionlarda separatizm
və parçalanma meyilləri baş qaldırır, bütövlükdə isə ölkənin hər
yerində anarxiya mühiti hökm sürürdü. Gəncədə axıdılan qardaş qanı
isə hakimiyyətdə olan AXC-Müsavat qruplaşmasının səbəb olduğu
siyasi-hərbi böhranın pik nöqtəsi idi.

Ümumiyyətlə, o dövr üçün Azərbaycanda dövlət idarəetməsi belə
yox dərəcəsində idi. Hakimiyyəti ələ alan qaragüruh olan-qalan
idarəçilik sistemini də sıradan çıxarmışdı və nəticə etibarilə
xaotik vəziyyət yaranmışdı. Nəticədə bütün sahələrdə böhran
yaranmış, iqtisadiyyat tamamilə tənəzzülə uğramış, inflyasiya
tarixdə görünməmiş dərəcədə dərinləşmişdi. Bütün bunlar və ən
əsası, torpaqlarımızın Ermənistanın işğal planları qarşısında
müdafiəsiz qalması, xarici dairələr tərəfindən separatizmin
körüklənməsi, ölkənin parçalanmaq astanasına gəlməsi və vətəndaş
qarşıdurmasının baş qaldırması təzəcə əldə edilən müstəqilliyimizi
yenidən itirmək və Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi
ilə üz-üzə qoymuşdu. Ölkəyə rəhbərlik edən şəxs isə bütün bu
reallıqlardan, təhlükənin miqyasından bixəbər idi və təyin etdiyi
nazirlərin fəaliyyətinə belə nəzarət edə bilmirdi.

1993-cü il iyun ayının 4-də Gəncədə baş verən silahlı qarşıdurma
ölkədəki siyasi və hərbi böhranı daha da dərinləşdirmişdi. Belə bir
vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı öz xilasını
Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışan görkəmli dövlət
xadimi Heydər Əliyevin Bakıya gəlməsində görürdü. Buna görə
Naxçıvana, Heydər Əliyevə çoxsaylı müraciətlər ünvanlanırdı. Bu
müraciətlər əslində çoxdan başlamışdı və 1992-ci ildə Naxçıvanda
Yeni Azərbaycan Partiyasının yaradılması onu göstərirdi ki,
xalqımız Azərbaycanın etibarlı gələcəyini məhz Heydər Əliyevin
respublikaya rəhbərlik etməsində görür. Çünki Heydər Əliyev buna
qədər çalışdığı bütün ali vəzifələrdə Azərbaycana layiqli xidmətin
ən böyük nümunələrini yaratmışdı. 1990-cı ildə Naxçıvana gəldikdən
sonra isə bu dahi şəxsiyyət öz siyasi fəaliyyəti ilə Azərbaycanın
müstəqilliyi uğrunda milli mübarizəni yeni keyfiyyət mərhələsinə
yüksəltmiş, Naxçıvanı Ermənistanın işğalından qorumuş, Türkiyə və
İranla faydalı əlaqələr yaradaraq blokada vəziyyətində olan muxtar
respublikanın sosial-iqtisadi çətinliklərinin azaldılması üçün
mühüm işlər görmüşdü.

Onu da qeyd etməliyik ki, həmin dövrdə respublikanı ağır
vəziyyətə salmış hakimiyyət təmsilçiləri belə vəziyyətdən çıxış
yolunu Heydər Əliyevin siyasi hakimiyyətə dəvət edilməsində
görürdülər. Heydər Əliyev sonralar bu barədə danışarkən deyib:

“1993–cü ilin iyun ayında Azərbaycanda böyük dövlət
böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar
ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü.
Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki,
yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib
edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb
çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və
mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim
partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin
nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət
etdilər”.

1993-cü il iyunun 9-da Heydər Əliyevin Naxçıvandan Bakıya
gəlməsi xalqımızın Azərbaycanın sabahına olan inamını bərpa etdi.
Həmin gün ölkədə hər kəs sevinirdi. Çünki hamı bilirdi ki, məhz
Heydər Əliyev özünün böyük siyasi dühası ilə Azərbaycanı məhvə
doğru aparan bütün proseslərin qarşısını alacaq, dövlətçiliyimizi
labüd təhlükələrdən xilas edəcək. Bakıya gələn kimi xilaskarlıq
missiyasına başlayan Heydər Əliyev vəziyyətin təhlükəli olmasına
baxmayaraq Gəncəyə yollandı, vəziyyətlə yerində tanış oldu və
özünün siyasi müdrikliyi ilə əvvəlcə vətəndaş qarşıdurmasının,
qardaş qanının axıdılmasının qarşısını aldı və bu, Azərbaycanı
milli qurtuluşa aparan yolun başlanğıcı oldu.

Bakıya gəldikdən 6 gün sonra, 1993-cü il iyun ayının 15-də Ulu
Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə
respublikamızın tarixində və xalqımızın taleyində tamamilə yeni
mərhələnin başlanğıcı oldu. Məhz böyük strateq Heydər Əliyevin
siyasi müdrikliyi sayəsində separatçılıq meyillərinin və
dövlətçiliyimizə qarşı yönələn bütün cəhdlərin qarşısı alındı.
Beləliklə, xalqın təkidli istək və arzusu ilə siyasi hakimiyyətə
qayıdan Heydər Əliyev dövlətçiliyimizi və müstəqilliyimizi
qoruyaraq, Azərbaycanı sözün bütün mənalarında xilas etdi. Buna
görə Milli Qurtuluş Günü kimi həkk olunan 1993-cü ilin 15 iyun
tarixi Azərbaycanın müasir tarixində xüsusi yer tutur. Hər zaman
qədirbilənliklə qarşıladığımız bu tarixdə Heydər Əliyevin
Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərini ehtiramla yada
salır, Ulu Öndərin işıqlı xatirəsini yad edirik.

1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin mütləq səs
çoxluğu ilə Azərbaycan Prezidenti seçilməsi xalqımızın öz
xilaskarına olan inam və etimadının siyasi-hüquqi təzahürü oldu.
Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan xilas edən,
separatizmin qarşısını alan Heydər Əliyevin respublikaya
rəhbərliyinin nəticəsi olaraq dövlət idarəçiliyi, qanunçuluq,
ictimai asayiş bərqərar edildi, kriminogen vəziyyət
yaxşılaşdırıldı. Hüquqi, iqtisadi, sosial və aqrar islahatlara
start verildi, nizami ordu quruculuğu həyata keçirildi,
Ermənistanın işğal planlarının qarşısı alındı. 1994-cü ildə «Əsrin
müqaviləsi»nin imzalanması, 1995-ci ildə müstəqil Azərbaycanın ilk
Konstitusiyasının qəbulu kimi hadisələr iqtisadi və hüquqi
müstəvidə yeni mərhələlərin başlanğıcı oldu, respublikamızın
beynəlxalq birlikdəki yerini möhkəmləndirdi. Bütövlükdə, Ulu
Öndərin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə
respublikada həyata keçirilən işlər bugünkü inkişafın möhkəm
bünövrəsini yaratdı. Heydər Əliyev siyasəti Azərbaycanın müstəqil
dövlətçiliyini əbədi və sarsılmaz etdi.

Heydər Əliyev siyasəti və ideyaları ilə inkişaf edən Azərbaycan
bu gün yalnız regionda deyil, dünyada söz və nüfuz sahibi kimi
tanınan dövlətdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanın keçdiyi inkişaf yolu respublikamızı beynəlxalq
münasibətlər sisteminin ehtiram göstərilən subyektinə çevirib.
Heydər Əliyevin müəllifi olduğu enerji strategiyasının Prezident
İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində yeni
keyfiyyət mərhələsinə yüksəldilməsi, o cümlədən, nəqliyyat
layihələrinin həyata keçirilməsi Avrasiyada iqtisadi əməkdaşlığın
və inteqrasiyanın dərinləşməsinə yol açaraq, Azərbaycana bu
coğrafiyanın orta gücü statusu qazandırıb.

Azərbaycanın bu dövrdə qazandığı ən möhtəşəm uğur isə əlbəttə
ki, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün
bərpa edilməsidir. Bunu təmin edən Müzəffər Ali Baş Komandan İlham
Əliyev həm də Ulu Öndərin vəsiyyətini yerinə yetirdi, Azərbaycanı
Heydər Əliyevin arzuladığı səviyyəyə yüksəltdi.

1993-cü ilin ağır və keşməkeşli günlərində xəyal belə edə
bilməzdik ki, yaxın gələcəkdə tamamilə başqa reallıqlar hakim
olacaq, Azərbaycan tezliklə sayılıb-seçilən, nüfuzlu dövlətlər
cərgəsində yer alacaq. 1993-cü ilin iyunundan, Milli Qurtuluş
Günündən Azərbaycanda başlanan Heydər Əliyev siyasəti bu həqiqəti
təmin etdi. İndi Azərbaycan tarixinin ən şərəfli və qüdrətli
dövrünü yaşayır, müstəqilliyimizin dayaqları sarsılmazdır və heç
bir qüvvə dövlətimiz üçün təhdid yarada bilməz.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı