Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

İyunun 13-də Şamaxının Meysəri kəndində Barbekü festivalı
başlayıb. İki gün davam edəcək festival Şamaxı Rayon İcra
Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və “Abqora” restoranının
dəstəyi, “Azərsun Holdinq”, “Coca-Cola Azərbaycan”ın baş
sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC, “Premium Meat”, “Baku
Medical Plaza”nın rəsmi tərəfdaşlığı ilə təşkil olunur.

Festivalın açılışında çıxış edən Şamaxı Rayon İcra
Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, festivalda
dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış şef-aşpazlar
iştirak edir. Onların zəngin təcrübəsi, fərqli kulinariya ənənələri
və təqdim etdikləri ləziz təamlar tədbirə xüsusi rəng qatır, onu
daha maraqlı edir. O qeyd edib ki, bu cür festivallar qonaqlara xoş
anlar bəxş etməklə yanaşı, Şamaxının qonaqpərvərliyini bir daha
nümayiş etdirir.

Gürcüstanlı tanınmış aşbaz Guram Boqdashvili çıxışında bildirib
ki, ənənələrin qorunması hər zaman böyük əhəmiyyət daşıyır. O,
Azərbaycanda, xüsusilə də Şamaxıda olmaqdan məmnunluğunu ifadə
edərək, bu şəhərə ilk dəfə gəldiyini və bunun onun üçün xüsusi an
olduğunu vurğulayıb.

Mədəni mübadilə və qastronomik turizmin genişləndirilməsinə
yönələn festivalda möhtəşəm barbekü təqdimatları və dünya
mətbəxinin ləziz nümunələri təqdim edilir.

Ötən il olduğu kimi, bu il də Beynəlxalq Barbekü Festivalında
dünyanın müxtəlif ölkələrini təmsil edən şef-aşpazlar iştirak edir:
Azərbaycan, Banqladeş, Çin, Danimarka, Fransa, Gürcüstan,
Hindistan, İtaliya, Koreya, Malayziya, Özbəkistan, Rusiya, Türkiyə,
Türkmənistan, Ukrayna, Yaponiya.

Festivalda təmsil olunan aşpazlar kulinariya üzrə çoxillik
təcrübəyə malik, iş təcrübələri müddətində müxtəlif ölkələrin
tanınmış restoranlarında fəaliyyət göstərmiş, bir çox iri
festivallarda təmsil olunaraq saysız mükafatlara layiq görülmüş
şeflərdir.

Festival ərazisindəki kulinariya zonalarında əyləncəli
yarışmalar keçirilir, restoranların təmsil olunduğu pavilyonlarda
isə müxtəlif mədəniyyətlərin mətbəxi ilə daha yaxından tanış olmaq,
iştirakçılar arasında ünsiyyəti genişləndirmək, fərqli təamları
dadmaq imkanı yaradılıb.

Dadların, dostluğun və açıq hava əyləncəsinin bir məkanda
birləşdiyi festivalın hər iki günü maraqlı tədbirlərlə
zəngindir.




Həftəsonuna təsadüf edən kulinariya bayramının birinci günü
şef-aşpazların festival ərazisinə yürüşü ilə başlayıb. Festivalın
iştirakçı şefləri və qonaqları xüsusi paradla tamaşaçıları
salamlayaraq, həmin məkanda əsl kulinariya ab-havası yaradıb.

“Barbekü və Manqal” duelində beynəlxalq barbekü və yerli kabab
ustaları iştirak edib. Bu dad “savaşı” festivalın ən maraqlı
şoularından birinə çevrilib. Şeflər öz xüsusi reseptləri və bişirmə
texnikaları ilə fərqli dadlar təqdim edib, tamaşaçılar isə bu
əyləncəli kulinariya qarşıdurmasının şahidi olub.

Kulinariya həvəskarları və peşəkar şef-aşpazlar arasında
kulinariya yarışması da keçirilib. Hazırlanan yeməklər peşəkar
münsiflər tərəfindən qiymətləndirilib və günün qalibi müəyyən
olunub.

Axşam saatlarında isə musiqili proqram təqdim edilib.

Festival iyunun 14-də işini davam etdirəcək.

Festivalın ikinci günü də ləziz təqdimatlar və əyləncə ilə yadda
qalacaq. “Steyk şou”da şef-aşpazlar steykləri hər biri özünəməxsus
hazırlanma üsulu ilə bişirəcək. Təqdimat zamanı onlar öz kulinariya
sirləri, bişirmə texnikaları və xüsusi məsləhətləri ilə
tamaşaçılarla bölüşəcək. Həmin günün musiqili proqramı isə
festivalı daha da rəngarəng edəcək.

Beləliklə, iki gün ərzində Meysəri kəndi ləzzətli təamlar və
səmimi ünsiyyət məkanına çevriləcək.