I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III
qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün
coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahan Bakı, Xankəndi,
Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı,
Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan,
Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil
olunub.

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 212 imtahan
binası, 3803 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına
212 ümumi imtahan rəhbəri, 605 imtahan rəhbəri, 4716 nəzarətçi, 673
buraxılış rejimi əməkdaşı, 212 bina nümayəndəsi cəlb olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah
fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla
əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün
binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara
öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait
yaradılıb.

İlkin məlumatlara əsasən, 10 nəfərdə mobil telefon aşkarlanıb və
onlar imtahandan kənarlaşdırılıblar. Bundan əlavə, 1
nəzarətçi-müəllimdə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan
xaric edilib. Hazırda baş verən hallar araşdırılır.

İmtahanda51690abituriyentin iştirakı nəzərdə tutulurdu.




İmtahanda 65 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak
edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş
şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli
abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də
şərait yaradılıb.

Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və
Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda
istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat
veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli
tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər suallarını “Youtube“da yerləşdirilən müvafiq linkin altına yaza
bilərlər.

İyunun 8-dən etibarən DİM-də imtahan protokolları və
materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların
yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra
elan olunması nəzərdə tutulur.