Şahdəniz Kompressiya layihəsi üzrə işlər bu ilin ilk yarısında qrafiki qabaqlayıb – bp

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin ilk yarısında Şahdəniz Kompressiya (ŞDK) layihəsi
üzrə işlər təhlükəsiz şəkildə və planlaşdırılmış qrafiki
qabaqlayaraq irəliləyib.

Bu barədə bp-nin son hesabatında bildirilib.

Şirkətin məlumatına görə, ŞDK platformasının üst modullarının
(topside) tikintisi Bayıl tikinti-quraşdırma sahəsində, dayaq
konstruksiyasının (jacket) istehsalı isə Heydər Əliyev adına Bakı
Dərin Özüllər Zavodunda plana uyğun davam edib. Layihə çərçivəsində
əsas polad konstruksiyalar, svaylar (pin piles), dayaq elementləri
və sualtı qurğuların hazırlanmasında sabit irəliləyiş əldə
olunub.

Hesabatda qeyd olunub ki, dəniz və sualtı mühəndislik işləri də
qrafikə uyğun davam edir. Ətraflı layihələndirmə işləri plan üzrə
irəliləyir, əsas texniki baxışlar uğurla başa çatdırılıb. Bundan
əlavə, yüksək gərginlikli sualtı elektrik bağlantısı və fiber-optik
kabelin, eləcə də sualtı boru hissələrinin istehsalı
tamamlanıb.




Şirkət bildirib ki, bir sıra kritik avadanlıq paketləri üzrə
satınalma prosesi də tikinti və quraşdırma cədvəllərinə uyğun
şəkildə davam edib.

Dəyəri 2,9 milyard ABŞ dolları olan Şahdəniz Kompressiya
layihəsinin əsas məqsədi yataqdakı aşağı təzyiqli qaz
ehtiyatlarının hasilatını təmin etmək və resursların maksimum
mənimsənilməsinə nail olmaqdır. Layihənin həyata keçirilməsi
nəticəsində yataqdan əlavə 50 milyard kubmetr qaz və təxminən 25
milyon barel kondensatın hasil edilərək ixrac olunacağı
gözlənilir.

Layihə çərçivəsində elektrik enerjisi ilə işləyən, əsasən
heyətsiz kompressiya platformasının (eNUI) tikintisi, həmçinin
Şahdəniz müqavilə sahəsində bir sıra əlaqəli dəniz obyektlərinin
quraşdırılması nəzərdə tutulur. Bundan başqa, Şahdəniz Alfa (ŞDA)
və Şahdəniz Bravo (ŞDB) platformalarında, eləcə də Səngəçal
terminalında mövcud infrastrukturun modernləşdirilməsi üzrə işlər
həyata keçiriləcək.

bp-nin məlumatına görə, Şahdəniz Kompressiya platformasının
tikintisinin 2029-cu ildə başa çatdırılması planlaşdırılır. Həmin
il platformanın Şahdəniz Alfa platformasından ilk qazı qəbul
etməsi, Şahdəniz Bravo platformasından isə 2030-cu ildə kompressiya
əməliyyatlarına başlaması nəzərdə tutulur.