AÇG-dən Azərbaycana səmt qazı tədarükü 37%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin ilk yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar
blokundan Azərbaycana tədarük olunan səmt qazının həcmi əhəmiyyətli
dərəcədə artıb.

Bu barədə bp-nin hesabatında bildirilib.

Məlumata görə, hesabat dövründə AÇG-dən Azərbaycan dövlətinə
gündəlik orta hesabla 11 milyon kubmetr səmt qazı (ümumilikdə 2
milyard kubmetr) ötürülüb. Qaz əsasən Səngəçal terminalına, qismən
isə SOCAR-ın Neft Daşları obyektinə nəql edilib.

Trend-in
bp-nin məlumatları əsasında apardığı hesablamalara görə, bu
göstərici 2025-ci ilin ilk yarısında qeydə alınmış gündəlik 8
milyon kubmetrlə müqayisədə 37,5% artıb.

Şirkət bildirib ki, hasil edilən səmt qazının qalan hissəsi lay
təzyiqinin saxlanılması məqsədilə yenidən yatağa vurulub.

Bununla yanaşı, bp qeyd edib ki, 2026-cı ilin ilk yarısında AÇG
yatağında tarixdə ilk dəfə qeyri-səmt qazının (Non-Associated Gas –
NAG) kommersiya hasilatına başlanılıb.

Şirkətin məlumatına görə, ilk NAG hasilatı 2025-ci ildə qazılmış
ilk hasilat quyusunda həyata keçirilib. Quyu neft laylarının
altında yerləşən iki prioritet qaz horizontuna – Qırmaki Yuxarı Qum
Daşı (Qirmaki Upper Sand) və Qırmaki Aşağı Qum Daşı (Qirmaki Lower
Sand) laylarına istiqamətləndirilib.




Qazma işləri nəticəsində Qırmaki Yuxarı Qum Daşı horizontunda
qaz ehtiyatlarının mövcudluğu təsdiqlənib, Qırmaki Aşağı Qum Daşı
horizontunda isə yüksək təzyiqli qaz aşkarlanıb. Hazırda ilkin
hasilat və sınaq işləri məhz Qırmaki Aşağı Qum Daşı layında
aparılır.

bp bildirib ki, quyudan hasil olunan qaz və kondensat mövcud AÇG
infrastrukturu vasitəsilə Səngəçal terminalına nəql edilir. Bu
yanaşma mövcud dəniz obyektlərindən səmərəli istifadə etməyə imkan
verir.

Şirkət həmçinin qeyd edib ki, ilkin hasilat quyusu zamanı
Qırmaki Aşağı Qum Daşı qaz layının alt hissəsində qaz və su layları
arasında yerləşən neft layı (oil rim) da aşkar edilib.

Bu ehtiyatların işlənməsi məqsədilə Dərin Sulu Günəşli
platformasından ilk neft halqası quyusunun qazılmasına 2026-cı ilin
may ayında başlanılıb. Quyunun 2026-cı ilin ikinci yarısında
tamamlanacağı gözlənilir.

bp-nin qiymətləndirməsinə görə, həmin quyu gələcəkdə AÇG
yatağında əlavə işlənmə imkanlarının dəyərləndirilməsi üçün mühüm
geoloji məlumatlar təqdim edəcək.

Hazırda AÇG layihəsində iştirak payları belə bölüşdürülüb: bp
(operator – 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%),
ExxonMobil (6,79%), TPAO (5,73%) və ONGC Videsh (2,92%).

AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişi çərçivəsində operator
funksiyasını BP Exploration (Caspian Sea) Limited həyata
keçirir.