Azərbaycanda biznes kreditləri 17 milyard manatı ötüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycanda bankların kredit portfelinin
strukturunda biznes kreditlәri 54% (17,179 milyard manat) paya
malik olub.

Trend-in
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatı əsasında hesablamalarına
görə, bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 777,8 milyon
manat və ya 4,7%, ötən ilin eyni dövrünə nisbətən isə 2,036 milyard
manat və yaxud 13,4% çoxdur.

Hesabat dövründə biznes kreditlərinin strukturunda iri
sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 9,188 milyard
manat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən
688,1 milyon manat və ya 8,1%, ötən ilin eyni dövrünə nisbətən isə
679,6 milyon manat və ya 8% artım deməkdir.

Eyni zamanda bu ilin iyulun 1-nə ölkədə orta sahibkarlıq
subyektlərinə 2,362 milyard manat kredit verilib. Bu, bir ay əvvələ
nisbətən 28,4 milyon manat və ya 1,2%, ötən ilin eyni dövrü ilə
müqayisədə isə 431,6 milyon manat və ya 22,4% çoxdur.

Həmçinin 2026-cı ilin iylun 1-nə Azərbaycanda kiçik sahibkarlıq
subyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,764 milyard
manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,1 milyon manat və ya
0,06%, illik müqayisədə isə 261,1 milyon manat və ya 17,4% artım
deməkdir.

Bundan başqa, bu ilin iyulun 1-nə ölkədə mikro sahibkarlıq
subyektlərinə 3,760 milyard manat biznes kreditləri verilib. Bu isə
əvvəlki ayla müqayisədə 60,1 milyon manat və ya 1,6%, illik
müqayisədə isə 663,5 milyon manat və yaxud da 20,7% çoxdur.




Qeyd edək ki, 2026-cı ilin iyulun 1-nə Azərbaycanda bankların
kredit portfeli 31,821 milyard manat olub. Kredit portfelinin
strukturunda biznes kreditlәri 54% (17,179 milyard manat), istehlak
kreditlәri 31,2% (9,917 milyard manat) vә ipoteka kreditlәri 14,8%
(4,724 milyard manat) təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov da iyulun
31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat
konfransda bank sektorunda kreditləşmənin genişlənməsi üçün kifayət
qədər maliyyə imkanlarının olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda bank sektorunda məcburi ehtiyatlar
nəzərə alınmadan 6 milyard manat həcmində izafi likvidlik
mövcuddur.

“Bizim likvidliklə bağlı bütün tələblərimizə bank sektoru tam
riayət edir. Həmin tələblər nəzərə alınmaqla belə, ümumi
hesablamalara əsasən bank sektorunun 4,6 milyard manat sərbəst
vəsaiti mövcuddur. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də
kreditləşməyə yönəldə bilərlər”, – deyə Taleh Kazımov bildirib.

AMB sədrinin açıqlaması göstərir ki, bank sistemində mövcud olan
sərbəst likvidlik biznes, istehlak və ipoteka kreditlərinin daha da
genişləndirilməsi üçün əlavə imkan yaradır. Bu isə kredit
portfelində biznes kreditlərinin üstün mövqeyini qoruması fonunda
iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsinin gələcəkdə də
artacağına işarə edir.