
Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya
rəsmi səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy
Sibiha ilə geniş tərkibdə görüşü keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında
paylaşım edilib.
Bildirilib ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və
Ukrayna Prezidenti Volodimir Zelenskinin əldə etdikləri
razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib.
Nazirlər Azərbaycan-Ukrayna strateji tərəfdaşlığı, ticarət,
energetika, investisiya, nəqliyyat, humanitar və çoxtərəfli
əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik
məsələlərini müzakirə ediblər.
Tərəflər yüksək səviyyəli təmasların müntəzəm davam
etdirilməsinin vacibliyini vurğulayıb, siyasi məsləhətləşmələr,
İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya və Biznes
Şurası kimi ikitərəfli mexanizmlərin əməkdaşlığın
genişləndirilməsində mühüm rol oynadığını qeyd ediblər.
Görüşdə Ukraynada davam edən müharibə fonunda regional proseslər
və beynəlxalq çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov hərbi əməliyyatların ən qısa zamanda
dayandırılmasının və beynəlxalq hüquqa ciddi riayət olunmaqla
münaqişənin diplomatik yollarla həllinin vacibliyini bir daha
vurğulayıb. O, Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə
ardıcıl dəstəyini təsdiqləyib.
Ukraynanın xarici işlər naziri Andriy Sibiha isə Qara və Azov
dənizlərində davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan
vətəndaşlarının həlak olması və yaralanması ilə əlaqədar dərin
hüznlə başsağlığı verib, həlak olanların ailələrinə və yaxınlarına
başsağlığı çatdırıb, yaralananlara isə tezliklə şəfa arzulayıb.
Nazirlər həmçinin Azərbaycanın 50 milyon ABŞ dollarından artıq
humanitar yardımı, İrpendə həyata keçirilən bərpa layihələri və
ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarını yüksək
qiymətləndiriblər.
Görüş zamanı Ceyhun Bayramov həmkarını Cənubi Qafqazda mövcud
vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də
işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma
işləri barədə də məlumatlandırıb.
xxx
15:18
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi
səfəri çərçivəsində Ukrayna Xarici İşlər Nazirliyində Azərbaycan
Xalq Cümhuriyyətinin (AXC) Ukraynadakı diplomatik missiyasının
fəaliyyətini əks etdirən arxiv sənədləri ilə tanış olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında
paylaşım edilib.
Bildirilib ki, nazirə 1918-1920-ci illərdə Azərbaycan Xalq
Cümhuriyyətinin Ukraynadakı diplomatik nümayəndəliyinin
(komissarlığının) fəaliyyəti, eləcə də həmin dövrdə Azərbaycanla
Ukrayna arasında diplomatik münasibətlərə dair arxiv materialları
təqdim edilib.
Qeyd olunub ki, nümayiş etdirilən materiallar arasında tarixi
sənədlər, rəsmi yazışmalar, həmçinin həmin dövrdə Azərbaycan və
Qafqazla bağlı hazırlanmış hesabatlar yer alıb.
xxx
12:48
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi
səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Andriy Sibiha
ilə görüşünün yekunlarına dair paylaşım edib.
C.Bayramov bu barədə “X” sosial şəbəkəsindəki hesabında
yazıb.
“Kiyevə rəsmi səfərim çərçivəsində Ukraynanın xarici işlər
naziri Andriy Sıbiha ilə görüşməkdən məmnun oldum.
Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının gücləndirilməsi
istiqamətində məhsuldar müzakirələr apardıq. Siyasi, iqtisadi,
enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın
genişləndirilməsinə xüsusi diqqət yetirdik, həmçinin regional və
beynəlxalq proseslər ətrafında fikir mübadiləsi apardıq.
Ölkələrimizi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq
prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq əlaqələri
birləşdirir”, – paylaşımda qeyd olunub.
xxx
11:20
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya
rəsmi səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy
Sibiha ilə təkbətək görüşü başlayıb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “X” hesabında
paylaşım edilib.
Bildirilib ki, görüş Ukrayna Xarici İşlər Nazirliyində
keçirilir.
xxx
11:04
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi
səfəri çərçivəsində Ukrayna Xarici İşlər Nazirliyində rəsmi
qarşılanma mərasimində iştirak edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında
paylaşım edilib.
Məlumata görə, Ukraynanın xarici işlər naziri Andriy Sıbiha
nazirlikdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu
qarşılayıb.
Bildirilib ki, rəsmi qarşılama mərasimindən sonra nazirlər
Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi
ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Ukraynada rəsmi səfərdədir. Səfər çərçivəsində onun ukraynalı
həmkarı Andriy Sibiha ilə görüşü və bir sıra digər tədbirlərdə
iştirakı nəzərdə tutulur.
xxx
10:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya
rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Andriy
Sıbiha ilə birlikdə Ukraynanın həlak olmuş müdafiəçilərinin
xatirəsini yad edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında
paylaşım edilib.
Məlumata görə, nazirlər Kiyevdə Ukrayna Xarici İşlər
Nazirliyinin parkında yerləşən Ukraynanın Həlak Olmuş
Müdafiəçilərinin Xatirə Memorialını ziyarət edərək abidə önünə
əklil qoyublar və ehtiramlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Ukraynada rəsmi səfərdədir. Səfər çərçivəsində onun ukraynalı
həmkarı Andriy Sibiha ilə görüşü və bir sıra digər tədbirlərdə
iştirakı nəzərdə tutulur.
xxx
08:40
Avqustun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti
məlumat yayıb.
Ukraynanın xarici işlər naziri Andriy Sibiha Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramov Kiyevdə qarşılayıb.
Səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiha
və digər yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərin
keçirilməsi nəzərdə tutulub.

