BTC kəmərinə kapital qoyuluşları 90% artıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin ilk yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac
boru kəməri üzrə əməliyyat xərcləri 75 milyon ABŞ dolları, əsaslı
xərclər (CAPEX) isə 57 milyon ABŞ dolları təşkil edib.

Bu barədə bp-nin hesabatında bildirilib.

Trend-in
bp-nin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin
eyni dövrü ilə müqayisədə BTC üzrə əməliyyat xərcləri (OPEX) 25%,
kapital qoyuluşları isə 90% artıb.

Belə ki, 2025-ci ilin ilk yarısında BTC Co. əməliyyat xərclərinə
təxminən 60 milyon ABŞ dolları, kapital qoyuluşlarına isə 30 milyon
ABŞ dolları yönəltmişdi.

2026-cı ilin ilk altı ayında Ceyhan terminalında BTC kəməri
vasitəsilə ixrac olunan təxminən 97 milyon barel (13 milyon ton)
xam neft qəbul edilərək 131 tankərə yüklənib.




Bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 106 milyon
barellə müqayisədə 8,5% azdır.

bp-nin məlumatına görə, 1 768 kilometr uzunluğunda olan BTC boru
kəməri 2006-cı ilin iyun ayında istismara verildiyi vaxtdan 2026-cı
ilin iyun ayının sonunadək ümumilikdə 4,7 milyard bareldən çox
(təxminən 631 milyon ton) xam neft nəql edib. Bu həcmdə neft 6 276
tankərə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından hasil olunan nefti və
Şahdəniz yatağının kondensatını daşıyır. Bununla yanaşı,
Qazaxıstan, Türkmənistan və Azərbaycanda SOCAR tərəfindən hasil
edilən digər Xəzər mənşəli neft və kondensat həcmləri də BTC
vasitəsilə nəql olunur.

bp qeyd edib ki, 2026-cı il iyulun 1-dən etibarən BTC boru
kəmərinin, eləcə də BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK)
sistemləri üzrə ümumi əməliyyatların operatorluğu “BP Exploration
(Caspian Sea) Limited” şirkətindən SOCAR Midstream Operations
LLC-yə ötürülüb. Bu şirkət SOCAR-ın tam mülkiyyətində olan törəmə
müəssisəsidir.

BTC Co.-nun səhmdarları bunlardır: bp (30,10%), SOCAR (32,97%),
MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%),
ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX
(2,50%).