
Bakı. Trend:
Gürcüstan tərəfi Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysi
qəbul etməyə hələ hazır deyil.
Bunu nəqliyyat eksperti Eldəniz Cəfərov sosial şəbəkə hesabında
yazıb.
Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” (ADY)
Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslərin təşkili üçün bütün
hazırlıqları başa çatdırıb.
“Gürcüstan tərəfi isə bu qatarı qəbul etməyə hazır deyil və
həmin tərəfdə bəzi texniki çətinliklər var”, – deyə ekspert
bildirib.
Eldəniz Cəfərov qeyd edib ki, problemlərdən biri qatarların
stansiyada olduğu müddətdə elektrik təchizatının təmin edilməsi ilə
bağlıdır.
“Qatarların manevr və digər hərəkətləri üçün stansiyada qaldığı
müddətdə elektrik təchizatının təminatı ilə bağlı problemlər
mövcuddur. Həmçinin Gürcüstan sərhəd xidməti əlavə reys üzrə sərhəd
yoxlamalarını həyata keçirməyə hələ hazır deyil”, – o
vurğulayıb.
Ekspertin sözlərinə görə, son vaxtlar Gürcüstan tərəfində bir
sıra texniki və təşkilati problemlər müşahidə olunur.
“Qatarların Gürcüstan tərəfində sərhəd yoxlamalarının nəzərdə
tutulan bir saatdan artıq davam etməsi, eləcə də elektrik enerjisi
ilə bağlı yaranan problemlər Bakı–Tbilisi–Bakı qatarının
gecikməsinə səbəb olur. Gördüyünüz kimi, Azərbaycan tərəfi artıq
əlavə qatar da təşkil edib, amma Gürcüstan tərəfi əlavə reysi qəbul
etməyə hazır deyil”, – deyə Eldəniz Cəfərov əlavə edib.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” (ADY) Bakı-Tbilisi-Bakı
beynəlxalq marşrutu üzrə bilet satış müddətini artırıb.
ADY bildirib ki, dəyişiklik sərnişin məmnuniyyətinin
artırılması, artan tələbatın daha səmərəli qarşılanması və
səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının
genişləndirilməsi məqsədilə həyata keçirilib.
Məlumata əsasən, yeni mexanizm çərçivəsində satış müddəti
birdəfəlik deyil, mərhələli şəkildə artırılır. Hazırda sərnişinlər
üçün əvvəlki 30 gün əvəzinə 44 günlük bilet satışı açıqdır. Satış
pəncərəsi növbəti günlərdə mərhələli şəkildə genişləndirilərək 90
günə çatdırılacaq.

