Ağdam Sənaye Parkında yeni rezident qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

“Ceer Plastik” MMC-yə Ağdam Sənaye Parkının yeni rezidenti
statusu verilib.

Trend bu
barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların
İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, Ağdam Sənaye Parkının yeni rezidenti tərəfindən
plastik tullantıların təkrar emalı, qofra və yüksək təzyiqə davamlı
polietilen boru istehsalı layihəsi həyata keçiriləcək.

İnvestisiya dəyəri 5 milyon manat olan layihə çərçivəsində şirkət
tərəfindən Sənaye Parkının ərazisində plastik tullantıların təkrar
emalı, qofra və yüksək təzyiqə davamlı polietilen boru istehsalı
layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.




Qeyd edək ki, Ağdam Sənaye Parkında 31 sahibkarlıq subyektinə
rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar
tərəfindən indiyədək 172 milyon manatdan çox investisiya qoyulub,
1000-dən artıq iş yeri yaradılıb. Rezidentlərin sayına görə ölkə
üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar
yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.

Ağdam Sənaye Parkı “Ağdam Sənaye Parkının yaradılması haqqında”
Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli
1347 nömrəli Fərmanı ilə yaradılıb. Ağdam Sənaye Parkının
yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin
dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi,
sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan
rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin
istehsal sahəsində məşğulluğunun artırılmasıdır.