Fransada 15 yaşdan kiçik şəxslər üçün sosial şəbəkələri qadağan edən qanun qəbul edilib

Baş səhifə

Bakı. Trend:

Fransa Parlamenti 15 yaşdan kiçik şəxslərə sosial şəbəkələrdən
istifadəni qadağan edən qanun layihəsini qəbul edib. Bu, Avropada
ilk belə qərardır.

Bu barədə Fransa Milli Assambleyasından məlumat verilib.

Qanun layihəsi günortadan sonra Senatda, günün sonunda isə Milli
Assambleyada səsverməyə çıxarılıb. Yeni qaydaların sosial
şəbəkələrdə yaradılacaq yeni hesablar üçün artıq sentyabr ayından
qüvvəyə minməsi nəzərdə tutulur.

Bir neçə ay davam edən müzakirələrdən sonra parlament çərşənbə
axşamı “Yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən
istifadəsi nəticəsində yaranan risklərdən qorunması haqqında” qanun
layihəsini qəti şəkildə qəbul edib. Qanunun əsas müddəası 15 yaşdan
kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinin qadağan
edilməsidir.

Bu qərarla Fransa Avropada belə qanunu qəbul edən ilk ölkə olub.
Bu təşəbbüsün həyata keçirilməsini fəal şəkildə dəstəkləyənlərdən
biri də Prezident Emmanuel Makrondur.

Əvvəlcə Senat yekun mətnə 243 lehinə, 2 əleyhinə səslə dəstək
verib. Bir neçə saat sonra Milli Assambleya da sənədi 279 lehinə,
81 əleyhinə səslə təsdiqləyib.




Qadağa Vikipediya kimi onlayn ensiklopediyalara, həmçinin açıq
mənbəli təhsil layihələri və proqram təminatının hazırlanması və
paylaşılması platformalarına şamil olunmur.

Hazırkı redaksiyada istifadəçilərin yaşının necə yoxlanılacağı
göstərilməyib. Bu mexanizmi Facebook, TikTok və digər platformalar
özləri müəyyən etməlidirlər.

Qanun həmçinin liseylərdə də mobil telefonlardan istifadəyə
qadağanı nəzərdə tutur. İndiyədək bu məhdudiyyət yalnız ibtidai və
orta məktəblərdə tətbiq olunurdu. Bununla belə, təhsil
müəssisələrinin daxili qaydalarına uyğun olaraq istisnalar nəzərdə
tutula bilər.

Fransa hökuməti qanunun mümkün qədər tez qüvvəyə minməsini
istəyir.

Plana əsasən, yeni qaydalar sentyabr ayından etibarən sosial
şəbəkələrdə yaradılacaq yeni hesablar üçün tətbiq olunacaq. Bu
tarixdən əvvəl yaradılmış hesablar üçün isə qanun dörd aylıq keçid
müddətindən sonra – 2027-ci ilin yanvar ayının əvvəlindən qüvvəyə
minəcək.

Bildirilir ki, artıq 15 Avropa ölkəsindən ibarət koalisiya da bu
normanı öz milli qanunvericiliyinə daxil etmək niyyətindədir.