Enerji strategiyasının Azərbaycan nümunəsi

Baş səhifə

Bakı. Trend:

İyun 1-dən başlayaraq Bakı növbəti mötəbər tədbirə ev
sahibliyi edir. “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü
Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci
“Baku Energy Forum”u bu dəfə paytaxtımızda 46 ölkədən 270-dən çox
şirkəti bir araya gətirib. Ötən illə müqayisədə iştirakçı
dövlətlərin və şirkətlərin sayının artması Azərbaycanın beynəlxalq
enerji müzakirələrində aparıcı rolunu, o cümlədən, respublikamızın
neft-qaz və bərpaolunan enerji sektoruna dünyada artan marağı əks
etdirir.

1994-cü ildən başlayaraq Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi
kimi keçirilən, ildən-ilə böyüyən və əhatə dairəsini daha da
genişləndirən “Bakı Enerji Həftəsi” qlobal diqqəti enerji
məsələlərinə yönəldən nüfuzlu dialoq və əməkdaşlıq
platformalarından biridir. Prezident İlham Əliyev “Bakı Enerji
Həftəsi”nin rəsmi açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi
Xəzər Neft və Qaz Sərgisi vaxt ötdükcə dəyişdi, daha böyük vüsət
aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə
yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Azərbaycanın mükəmməl
enerji diplomatiyasının mühüm göstəricilərindən olan bu platforma
30 ildən artıqdır ki, dövlət başçılarını, nazirləri, qlobal enerji
şirkətlərini, investorları və sənaye mütəxəssislərini enerji
sənayesinin gələcəyini formalaşdıran əsas prioritetləri müzakirə
etmək üçün bir araya gətirir. Burada neft-qaz və bərpaolunan enerji
sahəsində yeni tərəfdaşlıqların təməlləri qoyulur, əməkdaşlıq
razılaşmaları əldə olunur.

“Bakı Enerji Həftəsi”nin əhəmiyyətini, Beynəlxalq Xəzər Neft və
Qaz Sərgisinə, Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisinə və “Baku
Energy Forum”una olanyüksək marağı ayrı-ayrı dövlətlərin
rəhbərlərinin ünvanladıqları məktublar da təsdiq edir. Prezident
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində
etdiyi çıxışda bu məqama diqqət çəkərək deyib:

“Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald
Trampın nəzakətli məktubunda əks olunub. Bu bir daha göstərir ki,
“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı
tədbirlərdən biridir. Mən nəzakətli məktubuna görə Prezident Trampa
çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə
Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə
təşəkkürümü bildirirəm”.

Prezident İlham Əliyev nitqində respublikamızın enerji siyasəti,
inkişaf göstəriciləri və qlobal enerji təhlükəsizliyinə verdiyi
töhfələrlə bağlı mühüm məqamlara toxundu. Prezident İlham Əliyevin
tarixi ardıcıllıqla diqqətə çatdırdığı məqamlar bir daha göstərdi
ki, Ulu Öndər Heydər Əliyevin vaxtilə əsasını qoyduğu və Prezident
İlham Əliyevin uğurla davam etdirdiyi enerji siyasəti həm
respublikamızın yüksəlişini təmin edib, həm də respublikamızı
beynəlxalq enerji müzakirələrinin söz sahibi olan iştirakçısına
çevirib. Bu baxımdan Azərbaycanın inkişafı və qlobal siyasi
uğurları neft və qazdan gələn gəlirlərin səmərəli istifadəsinə dair
ən mükəmməl nümunələrdir. Ötən 20 ildən artıq müddətdə Azərbaycanda
qeyri-neft sektorunun sürətli inkişafı, yoxsulluq və işsizliyin
minimal səviyyəyə düşməsi, regionların yüksəlişi, xarici borcumuzun
ümumi daxili məhsulun olduqca az bir hissəsini əhatə etməsi,
strateji ehtiyatlarımızın xarici borcu 18 dəfədən çox üstələməsi,
“insan kapitalı”nın inkişafı neft gəlirlərindən səmərəli
istifadənin nəticələridir. Eyni zamanda, neftdən gələn gəlirlər
Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsində, onun döyüş
qabiliyyətinin artırılmasında, hərbi sənayenin inkişafında mühüm
rol oynamaqla, torpaqlarımızın işğaldan azad edilməsinə böyük
töhfələr verdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələr
neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə
etdiklərinə görə mühakimə edilməlidir:

“Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın
yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə
deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə
edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı,
xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik
məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar
necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz
nümunədir”.

Bütövlükdə, ötən dövrdə Azərbaycanın enerji sferasında həyata
keçirdiyi hər bir layihə, ərsəyə gəlməsini təmin etdiyi və hər bir
neft-qaz kəməri respublikamızın qətiyyətli siyasətinin
təzahürüdür.

Azərbaycanın təşəbbüsləri ilə reallaşan neft-qaz kəmərləri həm
də Avropanın enerji təhlükəsizliyini təmin edir.
Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi neft-qaz kəmərləri
Xəzərin karbohidrogen ehtiyatlarını yalnız dünya bazarlarına
çıxarmır. Bu infrastrukturlar həm də son illərdə enerji
təhlükəsizliyi sahəsində mühüm çağırışlarla üzləşən Avropa
dövlətlərini neft və qazla təmin edir. Xüsusən 2022-ci ildə
başlayan və hazırda davam edən Rusiya–Ukrayna müharibəsi ilə
əlaqədar Avropa İttifaqının Rusiyadan idxal olunan təbii qazdan
imtina etməsi Prezident İlham Əliyevin yürütdüyü enerji siyasətinin
nə qədər mükəmməl və müdrik olduğunu göstərir. Prezident İlham
Əliyevin “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində
bildirdiyi kimi bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi
olmadan necə olacağını təsəvvür etmək çətindir. Ötən ilin
ortalarına qədər 12 dövlət Azərbaycandan təbii qaz alırdı. Hazırda
isə həmin dövlətlərin sayı 16-ya çatıb və onlardan 10-u Avropa
İttifaqının üzvüdür.

Son dövrlərin əsas qlobal çağırışlarından biri də “yaşıl
enerji”yə keçiddir. Bu çağırışları vaxtında dəyərləndirən
Azərbaycan “yaşıl” enerji”yə sürətli transformasiya edir. “Bakı
Enerji Həftəsi” çərçivəsində Xəzər Beynəlxalq Təmiz Enerji
Sərgisinin 14-cü dəfə keçirilməsi də Azərbaycanda “yaşıl enerji”yə
keçid məsələsinin heç də yenilik olmadığını göstərir. Son illərdə
respublikamızda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik
Stansiyası, 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası
istifadəyə verilib. Qarabağda və Şərqi Zəngəzurda istifadəyə
verilən su elektrik stansiyalarının gücü 300 meqavatdan çoxdur.
Bütün bunlar göstərir ki, Azərbaycan tezliklə Avropaya həm də
elektrik enerjisi ixrac edəcək. Prezident İlham Əliyev nitqində
bununla bağlı bəzi məqamları da diqqətə çatdırdı. Belə ki,
Azərbaycandan Avropaya elektrik enerjisini ötürəcək “Qara dəniz
Enerji Kabeli” layihəsinin texniki-iqtisadi əsaslandırma mərhələsi
artıq yekunlaşmaq üzrədir. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan
marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda
icra mərhələsindədir. Həmçinin Xəzərin şərq sahillərindən
Azərbaycana uzanacaq “yaşıl enerji” kabeli layihəsi üzərində də iş
gedir.

Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin rəsmi açılış
mərasimindəki çıxışı Azərbaycanın düşünülmüş və milli maraqları
qətiyyətlə təmin edən enerji siyasətinin növbəti təqdimatı oldu.
Hazırda icra olunan layihələr, o cümlədən bərpaolunan enerjiyə
sürətli transformasiya göstərir ki, qarşıda respublikamızı bu
istiqamətdə növbəti uğurlar gözləyir.

Eyni zamanda, digər müstəvilərdə olduğu kimi Azərbaycanın enerji
sferasındakı nailiyyətləri də antimilli qrupların bütün planlarını
alt-üst edir. Məlum olduğu kimi erməni lobbisi həm vaxtilə
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, həm də Trans-Adriatik Boru
Kəmərinin (TAP) çəkilməsinin qarşısının alınması üçün beynəlxalq
qarayaxma kampaniyası həyata keçirsə də, Prezident İlham Əliyevin
qətiyyətli siyasətinin qarşısında məğlub olaraq geri çəkilib. Özünü
müxalifət hesab edən, lakin dövlətimizə və xalqımıza qarşı müxalif
olan antimilli ünsürlər də öz riyakarlıqları ilə erməni lobbisindən
geri qalmırlar. Onlar illər boyu Azərbaycanın əldə etdiyi uğurlara
kölgə salmağa, beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy
formalaşdırmağa və milli maraqlarımıza zidd mövqelər nümayiş
etdirməyə çalışıblar. Bu qüvvələrin hədəfə aldıqları sahələrdən
biri də ölkəmizin strateji əhəmiyyət daşıyan enerji sektoru olub.
Bu məqsədlə müxtəlif dövrlərdə həyata keçirilən iri enerji
layihələrinin perspektivlərini şübhə altına almağa, onların
iqtisadi səmərəliliyini azaltmağa və Azərbaycanın etibarlı enerji
tərəfdaşı kimi nüfuzuna xələl gətirməyə cəhd göstəriblər.

Lakin bütün bu cəhdlər reallıq qarşısında iflasa uğrayıb.
Qərəzli tənqidlər və əsassız iddialar ölkəmizin inkişaf yoluna mane
ola bilməyib və Azərbaycanın enerji sektorunda qazandığı
nailiyyətlər həmin dairələrin iddialarını tamamilə puça
çıxarıb.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı