
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının
nümayəndələrini, eləcə də Amerika liderinə sadiq olmayan
respublikaçıları İranla razılaşmanın əldə olunmasına mane olmaqda
ittiham edib.
Trend xəbər verir
ki, bu barədə, Ağ Ev rəhbəri öz “Truth Social” sosial şəbəkə
hesabında yazıb.
“Yəni, dumokratlar ( Dumocrats – red) və vətənpərvərlikdən uzaq
bəzi respublikaçılar anlamırlar ki, siyasi əlaltıları görünməmiş
dərəcədə düşməncəsinə şəkildə daim “tvit ataraq”, mənim daha
sürətli və ya daha yavaş hərəkət etməli olduğumu, müharibəyə
başlamalı və ya başlamamalı olduğumu və sair iddia etdikcə, işimi
görmək və danışıqlar aparmaq mənim üçün nə qədər çətinləşir?” –
deyə Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində
yazıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

