
Bakı. Trend:
ABŞ-nin strateji neft ehtiyatları son iki ilin ən aşağı
səviyyəsinə enib.
Trend xəbər verir ki,
CNN telekanalının apardığı hesablamalara əsasən, ABŞ-nin strateji
neft ehtiyatlarının həcmi 2024-cü ilin aprel ayından bəri ən aşağı
göstəriciyə çatıb.
ABŞ Energetika Nazirliyinin son məlumatlarına görə, ölkədə neft
və neft məhsullarının ümumi ehtiyatları hazırda 1,584 milyard barel
təşkil edir və azalma tendensiyası davam edir. Strateji
ehtiyatlarda neftin həcmi sonuncu dəfə 2003-cü ilin mart ayında 1,5
milyard bareldən aşağı səviyyədə qeydə alınıb.
Məlumata əsasən, İranla münaqişənin başlanmasından sonra
ehtiyatlardakı neftin həcmi təxminən 12 faiz azalıb. “S&P
Global Energy”nin qiymətləndirməsinə görə, Hörmüz boğazının
bağlanması qlobal bazarda 1,2 milyard barel neft itkisinə səbəb
olub. Yaranmış çatışmazlığın aradan qaldırılması məqsədilə yalnız
ötən həftə strateji ehtiyatlardan bazara 9,1 milyon barel neft
çıxarılıb.
Mütəxəssislər hesab edirlər ki, Vaşinqton və Tehran arasında
mümkün sülh razılaşması əldə olunsa belə, neft bazarının
sabitləşməsi dərhal baş verməyəcək.
“RBC Capital Markets” şirkətinin analitiki Helima Kroft CNN-ə
açıqlamasında bildirib ki, hətta razılaşma yaxın günlərdə imzalansa
belə, Hörmüz boğazında yaranmış yüklənmənin aradan qaldırılması
təxminən altı həftə çəkəcək. Onun sözlərinə görə, bu amil yay
mövsümündə tələbatın artdığı dövrdə ehtiyatlar üzərində əlavə
təzyiq formalaşdıracaq.

