Həftəsonu gecə səmasında nadir hadisə – “mavi mikroay” görünəcək

Baş səhifə

Bakı. Trend:

Bu həftəsonu gecə səması astronomiya həvəskarları üçün nadir bir
mənzərəyə ev sahibliyi edəcək. Belə ki, həftəsonu səmada “Mavi
mikroay” müşahidə ediləcək.

Trend bu
barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, bu hadisə həm “mavi ay”, həm də “mikroay”ın eyni
vaxta təsadüf etməsi ilə xüsusi hesab olunur.

Astronomların izahına görə, Ayın fazaları təxminən 29,5 gün
davam edən dövrlə dəyişir və bu səbəbdən dolunay adətən ayda bir
dəfə müşahidə olunur. Lakin bəzi hallarda eyni ay ərzində iki
dolunay baş verir. İkinci dolunay “mavi ay” adlanır.




Mütəxəssislər bildirir ki, mavi ayın daha nadir formalarından
biri “mövsümi mavi ay”dır. Bu hal bir astronomik mövsüm ərzində
dörd dolunayın müşahidə edilməsi zamanı üçüncü dolunaya verilən
addır.

Bu hadisə ilə üst-üstə düşən “mikroay” isə Ayın Yerə daha uzaq
olduğu orbit nöqtəsində baş verir. Nəticədə Ay normal dolunaya
nisbətən daha kiçik görünür. Mütəxəssislərin hesablamalarına görə,
mikroay super aydan təxminən 14%, adi dolunaydan isə 6% daha kiçik
görünür.

Mavi ay ümumilikdə təxminən hər iki ildən bir, mikroay isə ildə
iki və ya üç dəfə müşahidə olunur. Bu iki hadisənin üst-üstə
düşməsi isə olduqca nadirdir və təxminən hər 20 ildən bir baş
verir.