Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)

Baş səhifə

Berlin. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya
Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində
mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını
cavablandırıblar.

Bu barədə Trend-in xüsusi müxbiri məlumat verib.

Əvvəlcə Almaniyanın Federal Kansleri bəyanatla çıxış etdi.

Kansler Fridrix Mertsin

bəyanatı

– Xanımlar və cənablar, xoş gəlmisiniz.

Mən bu gün Berlində Azərbaycan Prezidenti İlham Əliyevi
salamlamaqdan olduqca məmnunam. Bu gün biz hələ mart ayında
planlaşdırılan səfərinizi həyata keçiririk. Lakin səfəri İranla
müharibə səbəbindən təxirə salmalı olduq.

Bununla belə, səfər, həmçinin göstərir ki, ölkələrimiz bu günün
əsas böhranlarından və müharibələrindən yan keçə bilmir. Bu, həm
Orta Şərqə, həm Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə
aiddir. Həmin müharibələr Almaniyaya və Azərbaycana onların
təhlükəsizliyi və iqtisadi maraqları baxımından böyük təsir
göstərib. Baxmayaraq ki, hər iki münaqişə təfərrüatlarına görə
fərqli ola bilər. Biz istənilən halda danışıqlar yolu ilə həll
variantlarını təşviq edirik. Bizi eyni qənaət birləşdirir ki, yekun
nəticədə yalnız danışıqlar yolu ilə nizamlama uzunmüddətli sülhü,
təhlükəsizliyi və sabitliyi gətirə bilər.

Cənab Prezident, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik
bizim üçün də zəruridir. Almaniya və Avropa İttifaqı həmin
geosiyasi baxımdan mühüm bölgədə davamlı dincliyə nail olmaqda çox
maraqlıdırlar. Bu səbəbdən, cənab Prezident, biz Sizi Almaniyada
salamlamaqdan xüsusi olaraq məmnunuq. Azərbaycan ilə Ermənistan
arasında sülh sazişinin paraflanmasına nail olmağınız münasibətilə
Sizi təbrik edirik. Bu, tarixi razılaşmadır. Onilliklər davam etmiş
münaqişəni onun sayəsində aradan qaldırmaq fürsəti yaranır. Alman
və Avropa perspektivindən nəyi edə bilsək, bundan şad olarıq.

Bölgədə daha böyük sabitlik ölkələrimiz arasında iqtisadi sahədə
də geniş əməkdaşlıq üçün yeni imkanlar yaradır. Çox şadam ki,
ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
2025-ci ilin yazında Prezident Ştaynmayer Azərbaycana səfər etmiş
ilk alman dövlət başçısı oldu. Bu il, həmçinin parlamentlərimiz
arasında intensiv mübadilələr oldu. Bu gün Birgə Bəyannaməni
imzalamaqla biz ikitərəfli münasibətlərimizin daha da
genişləndirilməsinin təməl daşını qoyduq. Həmçinin mərasim zamanı
Siz də şahidi oldunuz, Azərbaycan-Almaniya Biznes Şurasının
yaradılması ilə bağlı razılıq əldə edildi.

Bu, hər iki ölkənin şirkətlərinə verilən mühüm işarədir. Biz
Almaniya ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə
ciddi yanaşırıq. Hazırkı böhran şəraitində xam neftin və Cənubi Qaz
Dəhlizi ilə təbii qazın təchizatında əməkdaşlıq xüsusi əhəmiyyət
kəsb edir. Cənab Prezident, biz bunları təfərrüatı ilə müzakirə
etdik. Biz Azərbaycanla əməkdaşlıq yolu ilə enerji təchizatımızı
daha da şaxələndirmək istəyirik. Bu gün biz, həmçinin bərpaolunan
enerji və hidrogendən istifadənin genişləndirilməsini müzakirə
etdik.

Biz, həmçinin Azərbaycanın sərmayə proqramına aid təklifinə
gəldikdə konstruktiv müzakirələr aparırıq. Bu proqram Azərbaycanda
fəaliyyət göstərən alman şirkətləri üçün yeni imkanlar aça bilər.
Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü kimi əhəmiyyəti də
artır. Yeni nəqliyyat və ticarət dəhlizləri birgə istifadə etmək
istədiyimiz iqtisadi potensialı yaradır. Cənab Prezident,
bildiyiniz kimi, kiçik və orta müəssisələr üçün uzun məsafədə
sərmayə yatırmaq çox zaman asan olmur. Yerlərdə münasib çərçivə
şərtləri hər zaman olduqca vacibdir.

Həmin məsələləri biz bu gün müzakirə etdik. Bu gün imzalanmış
iki bəyannamə ilə biz irəliyə doğru böyük addım atdıq. Cənab
Prezident, Berlinə səfər etdiyinizə görə Sizə bir daha dərindən
minnətdaram. Mən Azərbaycan ilə Almaniya arasında davamlı məhsuldar
əməkdaşlığı səbirsizliklə gözləyirəm.

x x x

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin

bəyanatı

– Sağ olun, cənab Kansler. İlk növbədə, mənə göstərdiyiniz
qonaqpərvərliyə görə və rəsmi səfərə dəvət etdiyiniz üçün Sizə
təşəkkürümü bildirmək istəyirəm. Yenidən ölkənizdə olmağımdan çox
məmnunam. Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi
yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını
arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi
əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə
əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir.

İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Biz bu barədə
Sizinlə həm təkbətək görüşdə, həm də geniş tərkibdə görüş əsnasında
fikir mübadiləsi aparmışıq. Almaniya Avropa İttifaqının aparıcı
ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır.
Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox,
bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz
töhfəsini verəcəkdir.

Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət
göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Əminəm ki,
bugünkü səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı
sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin
daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər
irəli sürülmüşdür.

Siz enerji sahəsindəki əməkdaşlığa toxundunuz. Bu istiqamətdə də
müsbət nəticələr var. Bu ildən başlayaraq Azərbaycan öz təbii
qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim
qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və
şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə
alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və
gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir,
enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır.

Bağlantılarla və tranzit imkanları ilə bağlı da
Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki
Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib.
Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il
Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan
bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu
rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret
fəaliyyət planı nəzərdə tutulur. Bu gün imzalanmış Bəyannamənin
icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli
sürülmüşdür. Bir neçə işçi qrup yaradılacaq ki, bu gün imzalanmış
sənədlər tezliklə həyatda öz əksini tapsın.

Eyni zamanda, Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə
verdiyi töhfəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Uzun
illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması
və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident
Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması
faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu
razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün
Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı
Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə
nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə
bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni
zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin
göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan
çox tranzit yüklər Azərbaycan ərazisindən keçib.

Yəni biz çox tarixi bir dövr yaşayırıq. Torpaqları uzun illər
işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi
bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi. BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsini özü icra etdi, Ermənistana sülh təklif
etdi və müsbət cavab aldı. Ona görə yenə də deyirəm, Almaniya
hökumətinin də bu sahədə rolunu biz yüksək qiymətləndiririk.
Danışıqlar prosesində, o cümlədən Almaniyada xarici işlər nazirləri
səviyyəsində görüşlər də keçirilmişdir.

Son olaraq, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunmaq
istəyirəm. Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab
Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der
Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox
böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan
arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa
İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii
ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək
əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək.

Bir daha, cənab Kansler, dəvətə və qonaqpərvərliyə görə Sizə
təşəkkürümü bildirmək istəyirəm və Sizi də Sizin üçün münasib olan
vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.

x x x

Daha sonra jurnalistlərin sualları cavablandırılıb.