Suriyadan repatriasiya edilən daha 16 nəfərə psixososial dəstək tədbirlərinə başlanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya
olunmuş daha 16 nəfər vətəndaşımız Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin
müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında
yer alan məlumata görə, onlardan 9-u uşaq, 7-si qadındır.




“Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji
yardım göstərilib. Vətəndaşların reabilitasiya prosesi başa
çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar. Növbəti mərhələdə
isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları
ünvana gedərək təfsilatlı qiymətləndirmə aparacaqlar”, – ƏƏSMN-nin
məlumatında bildirilib.

Qeyd edək ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə
repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya
xidmətlərinə cəlb edib. Hazırda 84 repatriantla sosial
reabilitasiya işi davam etdirilir.