
Şabranda Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü münasibətilə tədbir keçirilib.
APA-nın Şimal bürosunun xəbərinə görə, Şabran Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəhbərliyi, media, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şabran İH başçısı Asif Hüseynov Azərbaycan milli mətbuatının keçdiyi 151 illik inkişaf yolundan, jurnalistikanın cəmiyyətin məlumatlandırılmasında və ictimai rəyin formalaşmasındakı mühüm rolundan danışıb. Qeyd olunub ki, ölkədə söz və mətbuat azadlığının inkişafı, peşəkar medianın formalaşması istiqamətində ardıcıl iş aparılır.
Çıxışlarda milli mətbuatın tarixindən, müasir dövrdə operativ və obyektiv jurnalistikanın əhəmiyyətindən, region mediasının ölkənin informasiya məkanındakı rolundan bəhs olunub. Bildirilib ki, yerli media ictimai əhəmiyyətli hadisələrin operativ işıqlandırılmasında və vətəndaşların düzgün məlumatlandırılmasında mühüm funksiyanı yerinə yetirir.
Tədbirin sonunda Şimal bölgəsində fəaliyyət göstərən bir qrup jurnalist və media nümayəndəsi milli mətbuatın inkişafına verdikləri töhfəyə görə fəxri fərman və təşəkkürnamələrlə təltif olunub. Təltif olunanlar arasında APA-nın şimal bürosunun müxbiri Xanım Məmmədova da var.

