Sabah WUF13 akkreditasiya kartlarının verilməsinə başlanılacaq

Baş səhifə

Bakı. Trend:

Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun
On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün qeydiyyatdan
keçmiş şəxslərə sabahdan etibarən Akkreditasiya və Qeydiyyat
Mərkəzində akkreditasiya kartlarının verilməsinə başlanılacaq.

WUF13 Azərbaycan Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata
görə, tədbirin keçirildiyi məkan – Bakı Olimpiya Stadionunda
yerləşən mərkəz WUF13 iştirakçılarının qeydiyyatı, akkreditasiyası
və məlumatlandırılması prosesinin vahid və operativ şəkildə həyata
keçirilməsini təmin edəcək.

Mərkəz mayın 14–16-da saat 09:00–18:00, mayın 17–21-də saat
07:00–18:00, mayın 22-də isə saat 07:00–15:00 aralığında fəaliyyət
göstərəcək.

WUF13 iştirakçıları, rəsmi nümayəndələr və qonaqlar mayın
14–22-sində Akkreditasiya və Qeydiyyat Mərkəzinə yaxınlaşaraq
qeydiyyatdan keçib, akkreditasiya kartlarını əldə edə
biləcəklər.




Onlayn qeydiyyatdan keçmiş şəxslər WUF13 akkreditasiya
kartlarını əldə etmək üçün elektron poçtlarına göndərilən unikal
qeydiyyat nömrəsi ilə yanaşı, qeydiyyat zamanı istifadə etdikləri
etibarlı şəxsiyyətini təsdiq edən sənədi də özləri ilə
gətirməlidirlər. Azərbaycan vətəndaşları şəxsiyyəti təsdiq edən
sənəd, xarici ölkə vətəndaşları isə etibarlı pasport təqdim
etməlidirlər.

Bununla yanaşı, tədbir günlərində yerində qeydiyyat imkanı da
yaradılacaq.

Qeydiyyat prosesinin daha rahat və sürətli təşkili məqsədilə
iştirakçılara əvvəlcədən onlayn qeydiyyatdan keçmələri tövsiyə
olunur. Onlayn qeydiyyat BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat)
tərəfindən təqdim edilən Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) –
https://events.unhabitat.org – vasitəsilə həyata
keçirilir və onlayn qeydiyyat üçün son mayın 15-i saat
18:00-dır.