
Bakı.Trend:
Moskvada “Kreml v İzmaylove” kompleksinin ərazisində güclü
yanğın meydana gəlib. Alov muzey kompleksi yaxınlığında 3 min
kvadrat metr sahəni əhatə edib.
Trend bu barədə
Rusiya mediasına istinadən xəbər verir.
İlkin məlumata görə, alışma kvestlərin yerləşdiyi texniki
otaqların birində başlayıb. Yanğın anında kompleksdə ziyarətçilər
olub.
Xoşbəxtlikdən hadisə nəticəsində zərərçəkən olmayıb. Beş nəfərin
xilas edildiyi bildirilir. İlkin versiyaya görə, yanğın qısa
qapanma səbəbindən baş verib.
“Kreml v İzmaylove” 1990-cı illərin sonlarında inşa olunmuş və
qədim rus arxitekturası üslubunda eksteryeri olan
mədəniyyət-əyləncə kompleksidir.

