Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər – “Bakı Metropoliteni”nin sədri (MÜSAHİBƏ)

Baş səhifə

Bakı. Trend:

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “BakuBus” və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətlərin ona
qoşulması formasında yenidən təşkil edilməsi ölkəmizdə, xüsusilə də
paytaxt Bakıda ictimai nəqliyyatın inkişafında keyfiyyətcə yeni bir
mərhələnin başlanğıcıdır.

Bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Trend Beynəlxalq İnformasiya
Agentliyinə və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına
müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün dünyada ayrı-ayrı nəqliyyat
vasitələri deyil, bütövlükdə şəhərlərin ümumi mobilliyi müzakirə
olunur:

“Dünyanın aparıcı şəhərlərində 15 ildən artıqdır tətbiq olunan
bu mexanizm sərnişinlərə daha əlçatan, daha koordinasiyalı, daha
rahat nəqliyyatı təmin etmək məqsədi daşıyır.

Sərnişinlər artıq metro, avtobus, tramvay və digər nəqliyyat
növlərini ayrı-ayrılıqda deyil, bir-birini tamamlayan vahid
nəqliyyat şəbəkəsinin elementi kimi istifadə edəcəklər. Nəqliyyat
növlərindən əldə olunan məlumatlar vahid mərkəzdə emal olunub,
analiz ediləcək və data əsaslı qərarların verilməsinə xidmət
edəcək. London, Paris, Berlin, Honkonq, Sinqapur kimi şəhərlərdə bu
təcrübə artıq çoxdandır tətbiq olunur. Bu qərar da həmin
istiqamətdə atılmış strateji bir addımdır.

Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri
bir-birini təkrarlamasın, əksinə, bir-birini tamamlasın. Sərnişin
metrodan çıxdıqda avtobus və ya taksi dayanacağına keçid etdikdə
vahid bir xidmət zəncirinin davamını hiss etməlidir. Bu, gələcəkdə
həm vahid ödəniş sisteminin, həm də vahid hərəkət qrafiklərinin
tətbiqini daha da asanlaşdıracaq.

Bu fərman “BakuBus” və “Bakı Taksi” şirkətlərini əhatə edir. “BakuBus” Bakı şəhərində bir çox marşrutu idarə edən, həmçinin
Gəncə və Xankəndi şəhərlərində fəaliyyət göstərən dövlət
şirkətidir. “Bakı Taksi Xidməti” isə sərnişinlərimizin “London
taksisi” adlandırdığı xüsusi taksilərdən ibarətdir. Fərman bu
sahəni əhatə edir. Digər marşrutlar, digər avtobus xidmətləri öz
müstəqil fəaliyyətlərini davam etdirəcəklər”.

Vüsal Aslanov qeyd edib ki, sərnişinlər nəqliyyat növləri
arasında keçidləri daha rahat həyata keçirə biləcəklər:

“Misal çəkdiyim şəhərlərdə həftəlik, saatlıq, aylıq paketlər
mövcuddur. Bu, həmin ödəniş həllərinin başlaması üçün ilk
addımlardan biridir. Gələcəkdə kompleks ödənişlərin həyata
keçirilməsi istiqamətində hədəfə doğru irəliləyə
biləcəyik”.

Tramvay geri qayıdır

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bildirib ki,
tramvay uzun müddətdir müzakirə olunan mövzulardan biridir:

“2025–2030-cu il dövlət proqramında tramvay haqqında xüsusi
maddələr qeyd olunub. Hazırda tramvayın konseptual planı
hazırlanır. İlkin olaraq Mehdiabad ərazisindən Bakı şəhərinin
mərkəzinə alternativ bir neçə variant müzakirə olunaraq tramvayın
çəkilməsi planlaşdırılır. Bakıda gələcəkdə 5 fərqli istiqamət üzrə
tramvay olması planlaşdırılır. İlkin perspektivdə əhalinin sıx
məskunlaşdığı və kütləvi ictimai nəqliyyat həllinə çıxışı olmayan
ərazilərə tramvayın çəkilməsi nəzərdə tutulur. Məqsəd odur ki,
tramvay metronu və avtobusu əvəzləməsin, əksinə, onları birləşdirən
vasitə olsun”.

Bakı metrosu böyük dəyişikliyə hazırlaşır

Vüsal Aslanovun sözlərinə görə, 2025–2030 Dövlət Proqramında
yol-nəqliyyat infrastrukturu ilə bağlı bütün qurumlar üçün konkret
tapşırıqlar müəyyənləşdirilib:

“Bakı Metropoliteninə aid tapşırıqları əsasən üç qrupda
cəmləşdirə bilərik: mövcud infrastrukturun stabil işləməsinin təmin
olunması, onun müasirləşdirilməsi, eləcə də metro şəbəkəsinin
genişləndirilməsi.

Buna əsasən, cari operativ işlər sərnişin sıxlığının
azaldılmasına fokuslanıb. Hazırda Bakı Metropolitenini dünyada
xidmət göstərən 213 metropolitenlə müqayisə etsək, sıxlıq
dərəcəsinə görə top onluqda yerləşir. Qısa müddətdə infrastrukturu
genişləndirmək mümkün olmadığını nəzərə alaraq, daha çox
intervalları azaltmaqla sərnişin sıxlığını qismən aradan qaldırmaq
istiqamətində işlər görülür.

Əvvəllər Bakı Metropoliteninin ən sıx hərəkətə malik “Həzi
Aslanov – 28 May” istiqamətində 30 cüt qatar fəaliyyət göstərirdi.
Bu, uzun müddət metropoliteninin texniki imkanlarının ən maksimal
həddi sayılıb. 2025-ci ildən biz intervalları mərhələli şəkildə
azaltmağa başladıq: əvvəlcə bunu 32 cüt qatara, daha sonra 34-ə,
hal-hazırda axşam – pik saatlarda 36 cüt qatara çatdırmışıq. Bunun
təməlində infrastrukturda yaxşılaşdırma işləri və hərəkət
qrafikinin rəqəmsallaşması dayanır. Bu, faktiki olaraq mövcud
infrastrukturumuzun yeni üst limitidir.

Bundan savayı, Bənövşəyi xətdə intervalları “Xocasən”
stansiyasından “Avtovağzal” stansiyasına qədər istiqamətdə 16
dəqiqəlik intervalı 8 dəqiqəyə, “Avtovağzal”dan “8 Noyabr”a qədər
istiqamətdə 10 dəqiqədən 5 dəqiqəyə endirdik. Yaşıl xəttin “Cəfər
Cabbarlı – Xətai” sahəsində 12 dəqiqəlik intervalı 7 dəqiqəyə
azaltdıq. “Həzi Aslanov – Əhmədli” istiqamətində isə 10 dəqiqəlik
intervalımız pik vaxtlarda 5 dəqiqəyə endirildi”.

Qatarlar arasındakı interval necə azaldılır?

“Bakı Metropoliteni” QSC-nin sədri bildirib ki, Qırmızı və Yaşıl
xətlərin ayrılması intervalın daha da azaldılması üçün əsas
şərtlərdən biridir:

“Bugünkü infrastrukturumuzun imkan verdiyi maksimum həddə artıq
yaxınlaşmışıq. İntervalı daha da azaltmaq üçün fundamental işlər
görməyimiz lazımdır.

Birincisi, qatarları idarə edən işarəvermə sistemi
yenilənməlidir — cari ildə bununla bağlı tender keçiriləcək və bu
layihənin icrası gələcəkdə qatarlararası məsafəni qısaldıb
intervalı azaltmağa imkan verəcək.

İkincisi, xətlərin ayrılması məsələsidir. Qırmızı və Yaşıl
xətlərimiz “28 May” stansiyasında birləşir və “28 May” – Həzi
Aslanov” sahəsində texniki təhlükəsizliyi təmin etmək üçün 100–110
saniyəlik interval olması şərtdir. Nəzərə alsaq ki, bu qatarlar
“İçərişəhər” və “Dərnəgül” istiqamətdən növbəli şəkildə gəlir,
avtomatik olaraq həmin əks istiqamətdə intervalımız 200 saniyənin
azərində olur. Biz bu xətləri ayırmasaq, bu intervalı bundan aşağı
salmaq imkanımız mümkün olmayacaq.

Hər bir xətt ayrıca müstəqil işləməlidir, müstəqil deposu
olmalıdır. “Dərnəgül” deposunun tikintisi davam edir. Xətlər
ayrıldıqdan sonra “28 May” stansiyası yalnız “İçərişəhər”
istiqamətinə gedən qatarlardan istifadə edən sərnişinlər tərəfindən
istifadə olunacaq. “Dərnəgül” istiqamətinə gedən sərnişinlər isə “Cəfər Cabbarlı” stansiyasından istifadə edəcəklər. Hətta “Cəfər
Cabbarlı” ilə “28 May”ı birləşdirən əlavə bir sərnişin tunelini yay
aylarında istifadəyə verəcəyik. Bu, xətlərin ayrılması layihəsi
üzrə başa çatan ilk iş olacaq.

İntervalların azaldılmasına təsir edən elementlərdən biri də “geri dönüş” məsələsidir. “İçərişəhər” stansiyasının arxasında
tikinti işlərinə başlanılıb. Orada işlər bitdikdən sonra qatar
stansiyaya daxil olacaq, stansiyanın arxasındakı dalan yoluna
keçəcək və növbəti qatar “Sahil” stansiyasına daha tez müddətdə
gələcək. Həmin layihənin şəhərsalma baxımından da maraqlı tərəfi
var: yeraltı infrastruktur üzərində avtomobil dayanacağı, yerin üst
hissəsində isə yaşıllıq və park ərazisi hazırlanacaq”.

Bakıda 10 yeni metro stansiyası tikilir

Vüsal Aslanov vurğulayıb ki, dövlət proqramı çərçivəsində
paytaxtda 10 yeni metro stansiyasının inşası planlaşdırılır:

“Şərti adı B4 olan stansiyanın cari ilin sonuna qədər istifadəyə
verilməsi gözlənilir, çünki orada əsas mühəndis işləri tamamlanıb
və daxili tərtibat prosesinə başlanılıb. Digər 9 stansiya üçün bu
il tender elan ediləcək və növbəti ildən tikinti işlərinə start
veriləcək.

Yaşıl xətt üzrə inkişaf əsasən şəhərin şərq hissəsini əhatə
edəcək və 2030-cu ilə qədər dörd yeni stansiyanın — Y-14, Y-15,
Y-16, Y-17 — inşası ilə “Xətai” stansiyasından “Həzi Aslanov”
stansiyası istiqamətinə qədər olan boşluq doldurulacaq. Bu
stansiyalar Ağ Şəhər, 8 Noyabr prospekti və Nargilə dairəsi kimi
strateji nöqtələrdə yerləşəcək. Bənövşəyi xətt üzrə isə şəhər
mərkəzində şaxələndirmə yaratmaq məqsədilə 6 yeni stansiyanın —
B-4-dən B-8-ə qədər — tikilməsi nəzərdə tutulur. B-5 (Nizami), B6A
(Sahil) və B7 (Xətai) stansiyaları mövcud xətlərlə kəsişərək qovşaq
və keçid funksiyasını yerinə yetirəcək.

Binəqədi, Yasamal və Xırdalan kimi ərazilərə metronun
çəkilməməsi isə texniki səbəblərlə izah olunur. Şəhərin mərkəzi
hissəsi alternativ keçidlərlə şaxələndirilmədən birbaşa kənar
qəsəbələrdən xətlər çəkilərsə, mövcud mərkəzi infrastruktur
həddindən artıq yüklənərək iflic ola bilər. Bakının “rəqəmsal
əkizi” üzərində aparılan simulyasiyalara əsasən, ilk növbədə,
Bənövşəyi xəttin şəhər mərkəzinə tam inteqrasiyası hədəflənir. Bu
xətt mərkəzə tam uzadıldıqdan sonra Xırdalan, Masazır, Sumqayıt,
Bakı-Şamaxı istiqamətindən gələn sərnişin axınını effektiv şəkildə
qarşılamaq mümkün olacaq”.

“28 May” stansiyasında nə dəyişəcək?

“Bakı Metropoliteni” QSC-nin sədri bildirib ki, xətlərin
ayrılması layihəsi çərçivəsində “28 May” stansiyasının fəaliyyəti
tam dayandırılmayacaq:

“Bu, xətlərin ayrılması layihəsi çərçivəsində Yaşıl xəttin “Dərnəgül”–”Nizami” stansiyaları arasında işləməsi deməkdir. “28
May” öz fəaliyyətini davam etdirəcək. Sadəcə, Yaşıl xətdən istifadə
edən sərnişinlər “28 May”a birbaşa gələ bilməyəcəklər, çünki “28
May–Nizami” arasında tunellərdə tikinti işləri aparılacaq. “Nizami”
faktiki olaraq Yaşıl xəttin son stansiyası rolunda çıxış
edəcək.

Şəhər nəqliyyatında xətlərin ayrılması zamanı müəyyən
məhdudiyyətlər qaçılmazdır. Biz süni intellekt əsaslı rəqəmsal
həllərlə sərnişinlərimizin gediş-gəliş məlumatlarını təhlil
etmişik. “20 Yanvar”, “Gənclik” və digər bütün stansiyalardan
xətlərarası dəyişikliklərin analizi bizdə mövcuddur. AYNA ilə bu
məlumatları paylaşmışıq və alternativ avtobus xətləri müəyyən
olunacaq.

Qeyd edim ki, “Nizami” stansiyasına 3 dəqiqə intervalda gələn
bir qatarda 1600-ə yaxın sərnişin daşınır. Onları “28 May”a
transfer etmək üçün hər 3 dəqiqədən bir 20 avtobus lazım olardı ki,
bu da həm texniki cəhətdən müşkül məsələdir, həm də şəhərin
mərkəzində ciddi sıxlıq yarada bilər. Buna görə alternativ avtobus
marşrutları ilə bu məsələnin tənzimlənməsi planlaşdırılır. AYNA ilə
əməkdaşlıq şəraitində bu barədə ictimaiyyətə ətraflı məlumatlar
veriləcək”.

Onun sözlərinə görə, “Həzi Aslanov-2” stansiyası konseptual
planda Y-17 şərti adı ilə nəzərdə tutulub:

“”Həzi Aslanov-2” bizim konseptual planda Y-17 şərti adı ilə
adlandırılan stansiyadır. Həmin stansiya müstəqil işləməyəcək — “Xətai” stansiyasına birləşməlidir və bunun üçün növbəti üç
stansiya ilə tunellərin tikilməsi zəruridir. Hazırlanmış yeni
tender paketinə həmin stansiya da daxildir. Önümüzdəki ildən aktiv
tikinti işlərinə başlanılacaq və 2030-cu ilə qədər istifadəyə
veriləcək”.

Şəhərin mürəkkəb geoloji ərazisində: B-5 stansiyası necə
tikiləcək?

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov vurğulayıb ki,
B-5 stansiyasının yerləşəcəyi ərazi geoloji baxımdan ciddi şəkildə
təhlil olunub:

B-5 stansiyası Bənövşəyi xəttin növbəti stansiyasıdır. Bənövşəyi
xəttin çox böyük potensialı var – 7 vaqonluq qatarların hərəkəti
üçün infrastruktur qurulub və şəhərə ən çox sərnişin daxil olan
şimal hissədən mərkəzə istiqamətlənir. “Nizami” ətrafında
xətlərarası dəyişməni təmin etmək üçün bu ərazi seçilib.




Tikinti məsələsinə gəlincə, bəli, ərazinin geologiyası
mürəkkəbdir, 60-70-ci illərdə tətbiq olunan kesson üsulu artıq
yoxdur, hətta deyərdim ki, indi qadağandır. Müasir tikinti
texnikası çox inkişaf edib. Stansiyanın yerləşdiyi ərazi ciddi
şəkildə təhlil olunub – stansiya və tunel qrunt suları səviyyəsinin
daha alt hissəsinə yerləşdiriləcək. Dünya təcrübəsində çayların və
boğazların altından keçən tunellər mövcuddur: müasir tikinti
texnologiyasında bunun çətinliyi yoxdur”.

Bakı metrosunda enerji dayanıqlığı

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bildirib ki,
“Nərimanov-Ulduz” mənzilində baş verən hadisə zamanı sərnişinlərin
təxliyəsi operativ şəkildə həyata keçirilib:

“İlk öncə baş vermiş hadisəyə görə təəssüfümü bildirirəm və
sərnişinlərimizdən bir daha üzr istəyirəm. Hadisə zamanı
sərnişinlər və əməkdaşlar arasında xəsarət alan olmadı, təxliyə
operativ şəkildə təmin olundu. Daxili İşlər Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi əməkdaşlarına təxliyə zamanı və ilkin tibbi xidmət
göstərən TƏBİB əməkdaşlarına, Bakı Metropoliteninin məlumatlarının
operativ ictimaiyyətə çatdıraraq çaşqınlıq yaranmasının qarşısının
alınmasında xüsusi rolu olan media nümayəndələrinə təşəkkürümü
bildirirəm.

Hadisənin mahiyyətinə gəlincə: “Nərimanov–Ulduz” mənzilini
enerji ilə təmin edən yarımstansiyada qısaqapanma baş vermiş, həmin
mənzildə tuneldə tüstülənmə qeydə alınmışdı. Sərnişinlərin
təhlükəsizliyini təmin etmək üçün əvvəlcə hadisənin fəsadlarını
aradan qaldırıb sonra hərəkəti bərpa etdik.

Ümumiyyətlə, Bakı Metropoliteninin elektrik şəbəkəsi dayanıqlı
qurulub — istənilən sahə iki fərqli alternativ enerji mənbəyindən
qidalanır. Dövlət Proqramında Bakı Metropoliteninin enerji
dayanıqlığının təmin edilməsi xüsusi bənd kimi yer alıb. 2025-ci
ildə xarici ekspertləri dəvət edib enerji sistemini tam texniki
auditdən keçirdik və tədbirlər planı hazırladıq. Artıq 2025-ci
ildən iki mövcud yarımstansiyanın yenidən qurulması, bir yeni
yarımstansiyanın tikintisi, kabel şəbəkəsinin yenilənməsi və SCADA
sisteminin yenidən qurulması istiqamətində işlər görülür.

Bakı Metropoliteninin 21 ədəd dizel generatoru mövcuddur, bunlar
mütəmadi olaraq texniki baxışdan keçir. Bu generatorların
funksiyası xarici enerji təchizatında fasilə yarandığı zaman
avtomatik işə düşməkdir. Biz ildə iki dəfə qəza məşqləri
keçiririk.

Lakin bu hadisədə xarici elektrik şəbəkəsində problem yox idi –
metronun öz yarımstansiyasında qısaqapanma baş vermişdi. Dizel
generatorların əsas rolu xarici enerji təchizatının əvəzlənməsinə
fokuslanıb, ona görə bu halda onlardan istifadə mümkün deyil”.

Vüsal Aslanov açıqlayıb ki, 2025-ci ildə metropolitenin rəqəmsal
strategiyası təsdiqlənərək icrasına başlanılıb:

“Biz 2025-ci ildə Bakı Metropoliteninin rəqəmsal strategiyasını
hazırlayıb təsdiq etdik və həmin strategiya istiqamətində işlərə
başladıq. Bu, iki əsas istiqaməti əhatə edir.

Birincisi, əməliyyat səmərəliliyi: qatarların, eskalatorların və
infrastrukturun texniki xidmətinin avtomatlaşdırılması, qabaqlayıcı
tədbirlərin görülməsi.

İkincisi, sərnişinlərə yönəlik həllər: pilot rejimində süni
intellektlə sərnişin sıxlığının idarə edilməsi proqram təminatı
üzərində işlənilir. Süni intellekt əsaslı videomüşahidə sistemini
ilkin mərhələdə istifadəyə vermişik – kamera sistemi sərnişinlərin
hansı stansiyadan girib hansı stansiyaya çıxdığının ümumi fonunu
müəyyənləşdirir.

Bəzi yeniliklər artıq hiss olunur: gedən qatarın vaxtı deyil,
növbəti gələcək qatarın vaxtı göstərilir. Yaxın gələcəkdə mobil
tətbiqdə gələn qatarda hansı vaqonların nisbətən boş olduğu
göstəriləcək. Stansiyalara boş qatarlar göndərilməsi artıq tətbiq
olunur — “Koroğlu”, “28 May”, “Gənclik”, “Elmlər Akademiyası”
stansiyalarına günün müxtəlif vaxtlarında boş qatarlar göndərilir
ki, orada toplanmış sərnişinlər rahatlıqla minə bilsin, sıxlıq
aradan qaldırılsın.

Eskalator idarəetməsi də artıq qrafik deyil, real vaxt
məlumatları əsasında həyata keçirilir. Hərəkət qrafiki tam
rəqəmsallaşıb — qatarların intervalını 30-dan 36-ya qaldırmağımızın
əsasında məhz rəqəmsal həllər dayanır”.

Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə
biləcəklər

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bildirib ki,
yeni mobil tətbiq sərnişinlərə metrodan daha rahat və səmərəli
istifadə imkanı yaradacaq:

“Mobil tətbiqdə sərnişinlər QR-kod vasitəsilə ödəniş edə
biləcəklər. Hansı stansiyadan hansı stansiyaya daha tez çatmaq,
günün hansı vaxtı sıxlığın az və ya çox olduğunu qabaqcadan görmək,
qatarın hansı vaqonunun nisbətən boş olduğunu əvvəlcədən bilmək
imkanları olacaq.

Bu arada onu da əlavə edim ki, biz bu yaxınlarda hakaton
keçirdik – 1200-dən çox müraciət daxil oldu, 78 nəfər cəlb edildi. “İçərişəhər” stansiyasının sərnişinə qapalı platformasında bu
tədbiri ilk dəfə real infrastruktur üzərində əyani şərait
yaratmaqla keçirdik. İştirakçıların böyük bir qisminin sualları və
arzuları məhz mobil tətbiqlə bağlı idi. O hakatonda iştirak etmiş
iştirakçıların bir qisminin layihələrinin davam etdirilməsi və işə
qəbul istiqamətində işlər davam edir.

Əlavə olaraq hazırda “AYNA MaaS” proqram təminatında Bakı
Metropoliteninin qatar intervalları göstərilir.

Sərnişinlər həmin proqram vasitəsilə A nöqtəsindən B nöqtəsinə
getmək üçün mikrohərəkətlilik, avtobus və metro xidmətlərindən
birgə istifadə edə bilərlər. Bu məlumatlar “Google Maps“ə də
inteqrasiya olunub. Müasir nəsil vaqonlarımızda artıq doluluq
faizini ölçən avadanlıqlar quraşdırılıb; hazırda test rejimini
davam etdiririk. Qatar platformaya yaxınlaşarkən sərnişin
qabaqcadan biləcək ki, beş vaqonlu qatarın hansı vaqonu nisbətən
boşdur. Hazırda əsas problem sərnişinlərin platformada
qeyri-bərabər paylanmasıdır — nəticədə qatarın bəzi vaqonları
sıxlıqla doludur, bəziləri isə yarıboş qalır. Bu məlumatı həm
elektron tabloda, həm də mobil tətbiqdə əks etdirməyi
planlaşdırırıq. Dördüncü nəsil qatarlarımızda bu həll hazır olacaq;
üçüncü nəsil vaqonlar üçün isə əlavə avadanlıq quraşdırmaq lazım
gəlir”.

Aslanov hesab edir ki, məsafəyə əsaslanan ödəniş sistemi təkcə
metro deyil, bütün ictimai nəqliyyat şəbəkəsi üzrə tətbiq
olunmalıdır:

“Bu məsələni Bakı şəhərinin ictimai nəqliyyatı üçün ümumilikdə
müzakirə etmək daha məqsədəuyğundur, çünki avtobus nəqliyyatı var,
yaxın gələcəkdə tramvay da olacaq. Məsafəyə görə ödəniş üçün ilk
növbədə infrastrukturun hazır olması lazımdır. Köhnə
stansiyalarımızda — Yaşıl və Qırmızı xətt stansiyalarında – çıxışda
turniket yoxdur, onların yerləşdirilməsi sıxlıq yarada bilər.

Buna görə tək Metropoliten deyil, bütövlükdə Bakı şəhərinin
ictimai nəqliyyatı üçün vahid mərkəzdən müəyyən paketlər şəklində
ödəniş sisteminin qurulması istiqamətində işlərə başlayacağıq”.

“Bakı Metropoliteni” QSC-nin sədri bildirib ki, WUF13 tədbiri
dövründə metro gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək:

“Kütləvi tədbirlər olduqda iş saatı uzadılması da mümkündür və
bu barədə qabaqcadan ictimaiyyətə məlumat veriləcək.

Ödəniş sistemi ilə bağlı: əvvəl yalnız Azərbaycan banklarının
emissiya etdiyi kartlar, “Apple Pay” və “Google Pay” qəbul
olunurdu. Hal-hazırda xarici bankların emissiya etdiyi bank
kartları da ödəniş vasitəsi kimi qəbul olunacaq. Bu, şəhərimizə
gələn turistlərə və qonaqlara ictimai nəqliyyatdan daha əlçatan
şəkildə istifadə etmək imkanı yaradacaq”.

Vüsal Aslanov bildirib ki, metroda yeni süni intellekt əsaslı
sistemlər sərnişin təhlükəsizliyinin artırılmasına xidmət edir:

“Bütün qurulan sistemlər sərnişinlərimizin rahatlığına və
təhlükəsizliyinə xidmət edir. Yeni süni intellekt əsaslı
videomüşahidə sistemi sərnişin davranışlarını da təhlil edir.
Məsələn, eskalatorda bir sərnişin yıxılarsa, sistem bunu dərhal
müəyyən edib dispetçer məntəqəsinə məlumat ötürür. Stansiya yoluna
düşmə faktları da real vaxtda həm növbətçiyə, həm mərkəzi sistemə
ötürülür. Bizdə platformalarda 825 volt yüksək cərəyan mövcuddur,
ona görə belə hallarda dərhal tədbir görmək vacibdir və bu
addımlatr sərnişin təhlükəsizliyini maksimallaşdırmmağa kömək
edəcək”.

“Bakı Metropoliteni” QSC-nin sədri bildirib ki, yeni metro
stansiyalarında əlilliyi olan şəxslərin rahat hərəkəti üçün bütün
zəruri infrastruktur nəzərə alınır:

“Yeni tikməyi planlaşdırdığımız bütün stansiyalarda əlilliyi
olan şəxslərin rahat hərəkəti üçün bütün infrastruktur — liftlər,
panduslar və s. — nəzərdə tutulmuşdur. Lakin 20, 30, 40 il əvvəl
istifadəyə verilmiş mövcud stansiyalarımızda bu infrastruktur
təəssüf ki yoxdur.

Bu sahədə Bakı Metropolitenində “Əlçatan Metro” layihəsinə start
verilib. 964 qısa nömrəsi ilə əvvəlcədən məlumat verildikdə
əməkdaşlarımız stansiyanın girişində həmin şəxsləri qarşılayır,
xüsusi texniki vasitələrlə qatara qədər müşayiət edir. Çıxış
stansiyasında da qatardan çıxarıb stansiyanın çıxışına kimi
yönləndirirlər”.

Vaqon parkının yenilənməsi

Onun sözlərinə görə, vaqon parkının yenilənməsi hazırda qurumun
əsas prioritetlərindən biridir:

“Hazırda 381 vaqondan ibarət parkımız var. Bunların 180-i müasir
kondisioner sistemi ilə təchiz edilmiş, vaqonlar arası keçidi
mümkün edən yeni nəsil vaqonlardır. Qalan vaqonlar üçüncü nəsildir;
istismar müddəti bitdikcə onları mərhələli şəkildə xidmətdən
çıxarırıq. Cari ilin sonuna qədər 36 vaqonun istismar müddəti
bitəcək. Texniki göstəricilərinə əsasən qalanlar 2042-ci ilə qədər
istifadədən mərhələ ilə çıxarılacaq. Artıq vaqon parkımızın 35–40
faizindən çoxu müasir vaqonlardan ibarətdir. Köhnə vaqonların
istismar müddəti 31 ildir; müddəti başa çatan vaqonlar mərhələli
şəkildə xətdən çıxarılır və yeniləri ilə əvəz olunur.
Proqnozlarımıza görə yaxın 10–12 il ərzində vaqon parkı tamamilə
müasir vaqonlarla təmin olunacaq.

Dövlət proqramında 299 yeni vaqonun alınması nəzərdə tutulub –
bu, həm yeni stansiyaların yaradacağı tələbatı, həm də interval
azaldılmasından doğan əlavə ehtiyacı ödəmək üçündür. Bir neçə
istehsalçıyla görüşlər keçirmişik; texniki tapşırıqlar hazırlanır.
Seçim zamanı yalnız qatarın qiymətini deyil, istismar müddəti
ərzindəki təmir xərclərini də nəzərə alırıq. Bütün təkliflər
toplandıqdan sonra qərar qəbul edilib seçilmiş təchizatçıyla iş
davam etdiriləcək.

Köhnə nəsil vaqonlarda konstruktiv olaraq soyutma sistemi
nəzərdə tutulmayıb, orada yalnız məcburi ventilyasiya mövcuddur.
Yeni nəsil vaqonlarımızın hamısı müasir iqlim-nəzarət sistemi ilə
təchiz olunub. Bu sistem avtomatik rejimdə işləyir və vaqondakı
sərnişin sayına və temperaturuna uyğun özünü tənzimləyir. Texniki
personalımız bu sistemlərin sazlığına mütəmadi nəzarət edir.
Sərnişinlərimizdən xahiş edirik ki, həm öz sağlamlıqları, həm də
digərlərinin rahatlığı üçün bu məsələni anlayışla
qarşılasınlar”.

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov sərnişinləri
platformalarda daha nizamlı davranmağa çağırıb:

“Siz demək olar ki, bütün mövzuları əhatə etdiniz. Bir xahişim
var: sərnişinlərimiz platformada bərabər paylanmaya diqqət
etsinlər. Bu, digər sərnişinlərə narahatlıq yaradır. Mən özüm
tez-tez metroya minirəm — həm ən sürətli nəqliyyat vasitəsi olduğu
üçün, həm də sərnişin vərdişlərini bilavasitə müşahidə etmək üçün. “28 May” stansiyasında, xüsusən tağa yaxın hissədə sıxlıq ola-ola
birinci vaqon boş qalır. Əməkdaşlarımız mütəmadi olaraq məlumat
verirlər; xahiş edirəm həmin göstərişlərə əməl etsinlər. Bir
xahişim də var: qapı açılanda, əvvəlcə düşənlərə yol verin, sonra
miniz. Eyni vaxtda hər iki istiqamətdə hərəkət etmək nəinki
çətinlik yaradır, hər saniyə uzanmış dayanma müddəti bütün hərəkət
qrafikinə təsir edir. Sərnişinlərimizin bu kiçik dəyişiklikləri
etməsi bizim xidmət keyfiyyətimizi birbaşa təsir edən
məsələdir”.