
Bakı. Trend:
Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündə
səsləndirdiyi fikirlər Azərbaycanın son onilliklərdə keçdiyi
mürəkkəb, eyni zamanda şərəfli yolun siyasi və tarixi mənzərəsini
bir daha aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısının çıxışı
təkcə Zəngilanın bərpası və bölgədə aparılan quruculuq işləri ilə
bağlı deyil, bütövlükdə Azərbaycan dövlətinin keçdiyi yolun,
xalqımızın yaşadığı ağır sınaqların, qazandığımız tarixi
zəfərimizin və ölkəmizin qarşıda duran strateji hədəflərin dərin
təhlili kimi xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Səbinə
Salmanova deyib.
Deputat xatırladıb ki, 1990-cı illərin əvvəllərində ölkədə hökm
sürən xaos, anarxiya, siyasi qarşıdurmalar və idarəolunmaz vəziyyət
Azərbaycanı faktiki olaraq parçalanma təhlükəsi ilə üz-üzə
qoymuşdu:
“Dövlət idarəçiliyində təcrübəsizlik, daxili çəkişmələr,
hakimiyyət uğrunda mübarizə, siyasi məsuliyyətsizlik və anarxiya
Azərbaycanı uçuruma aparırdı. Xüsusilə AXC-Müsavat hakimiyyəti
dövründə ölkədə hökm sürən xaos Azərbaycan dövlətçiliyini ciddi
təhlükə altına salmışdı. Orduda nizamsızlıq hökm sürür, cəbhədə
məğlubiyyətlər bir-birini əvəz edir, torpaqlarımız işğal olunurdu.
Şuşanın, Laçının, Kəlbəcərin və digər rayonların işğalı xalqımızın
tarixində ən ağır faciələrdən biri kimi yadda qaldı. Həmin dövrdə
hakimiyyətdə olan şəxslərin məsuliyyətsizliyi, dövlət maraqlarını
şəxsi ambisiyalara qurban verməsi Azərbaycanı vətəndaş müharibəsi
təhlükəsi ilə də üz-üzə qoymuşdu. Belə bir çətin və taleyüklü
məqamda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan
dövlətçiliyinin xilası oldu. Dahi şəxsiyyət qısa müddət ərzində
ölkəmizdə
sabitliyi təmin etdi, siyasi qarşıdurmaların qarşısını aldı, dövlət
institutlarını formalaşdırdı və Azərbaycanın gələcək inkişaf
strategiyasının əsasını qoydu. Ulu Öndərin həyata keçirdiyi
uzaqgörən siyasət nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən
xilas oldu və sabit inkişaf yoluna qədəm qoydu. Bu gün əldə
etdiyimiz bütün uğurların təməlində məhz Heydər Əliyev siyasi kursu
dayanır”.
Parlamentari qeyd edib ki, Prezident İlham Əliyev çıxışında
xüsusilə vurğuladı ki, o vaxt ölkəmizə rəhbərlik etmiş şəxslər
ölkəmizi fəlakətə aparırdılar:
“Hər kəs yaxşı xatırlayır ki, odövrdə Azərbaycanı idarə edən
şəxslərin əksəriyyəti nə dövlətçilik təcrübəsinə, nə siyasi biliyə,
nə də idarəçilik bacarığına malik idi. Küçədən keçən təsadüfi
insanların yüksək vəzifələr tutması dövlət idarəçiliyində tam xaos
yaratmışdı. Özlərini “xalq qəhrəmanı” kimi təqdim edən bəzi
şəxslərin əsl siması sonradan açıq şəkildə ortaya çıxdı. Şuşanın
müdafiəsi ilə bağlı pafoslu bəyanatlar verən, lakin əslində dövlətə
xəyanət edən şəxslər Azərbaycanın ağır məğlubiyyətlər yaşamasında
birbaşa məsuliyyət daşıyırdılar. Dövlətimizin başçısının çıxışında
bu məsələlərə toxunması tarixi həqiqətlərin bir daha xalqımıza
çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
S.Salmanova həmçinin bildirib ki, 2020-ci ildə əldə edilən
tarixi Zəfər Azərbaycan xalqının milli birliyinin, dövlətimizin
gücünün və Prezident İlham Əliyevin qətiyyətli liderliyinin
nəticəsidir
“Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi
44 gün ərzində düşməni darmadağın edərək torpaqlarımızı işğaldan
azad etdi. Bu qələbə təkcə hərbi uğur deyildi. Bu, həm də tarixi
ədalətin bərpası, xalqımızın milli qürurunun özünə qaytarılması və
beynəlxalq hüququn təmin olunması idi. Prezident İlham Əliyevin də
vurğuladığı kimi, 1993-cü ildə olduğu kimi, yenə də xalq-iqtidar
birliyi qələbəmizin əsas dayağına çevrildi. Azərbaycan xalqı
Prezident İlham Əliyevin ətrafında sıx birləşərək milli həmrəylik
nümayiş etdirdi. Məhz bu birlik sayəsində torpaqlarımız işğaldan
azad edildi və ölkəmizin ərazi bütövlüyü təmin olundu. 2023-cü ilin
sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri isə
Azərbaycanın tam suverenliyinin təmin olunması ilə nəticələndi.
Uzun illər separatizmin hökm sürdüyü ərazilərimizdə dövlət
suverenliyi tam bərpa edildi. Bu əməliyyat möhtərəm Prezident İlham
Əliyevin güclü siyasi iradəsinin, peşəkar idarəçiliyinin və illərlə
aparılan məqsədyönlü siyasətinin nəticəsi idi”.
Millət vəkili onu da söyləyib ki, Prezident İlham Əliyevin
siyasi fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri verdiyi
bütün vədlərə əməl etməsidir
“Dövlətimizin başçısı hələ 2000-ci illərin əvvəllərində
Azərbaycan xalqına söz vermişdi ki, işğal altında olan
torpaqlarımıza mütləq qayıdacağıq və həmin ərazilərdə yüksək həyat
şəraiti yaradılacaq. Bu gün Zəngilan da daxil olmaqla azad edilmiş
bütün ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq
işləri həmin vədlərin reallığa çevrildiyini göstərir. Böyük Qayıdış
proqramı uğurla icra olunur, keçmiş məcburi köçkünlər doğma
torpaqlarına qayıdırlar. Bu gün qarşıda duran əsas problemlərdən
biri də mina təhlükəsidir. Ermənistan tərəfindən basdırılmış
milyonlarla mina insanların həyatına ciddi təhlükə yaradır.
Müharibədən sonra yüzlərlə Azərbaycan vətəndaşı mina
partlayışlarının qurbanı olub. Buna baxmayaraq, Azərbaycan hökuməti
genişmiqyaslı minatəmizləmə işləri aparır və təhlükəsiz yaşayışın
təmin edilməsi istiqamətində mühüm addımlar atmaqdadır”.
S.Salmanova vurğulayıb ki, bu gün işğaldan azad edilmiş digər
rayonlarımız kimi, Zəngilan da sürətlə yenidən qurulur və regionun
ən müasir şəhərlərindən birinə çevrilir:
“Zəngilanın strateji coğrafi mövqeyi onun yaxın gələcəkdə
regionun mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə
çevriləcəyini göstərir.Xüsusilə Zəngəzur dəhlizinin açılması
Zəngilanın əhəmiyyətini daha da artıracaq. Bu dəhliz həm Şərq-Qərb,
həm də Şimal-Cənub nəqliyyat marşrutlarının əsas hissəsinə
çevriləcək. Türkiyə, Naxçıvan, Azərbaycan, İran və Avropa arasında
mühüm bağlantı rolunu oynayacaq bu layihə bütövlükdə regionun
iqtisadi və geosiyasi xəritəsini dəyişəcək. Hesab edirəm ki,
Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündə
səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan artıq yeni
tarixi mərhələyə qədəm qoyub. Dövlətimizin gücü, xalqımızın birliyi
və Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmiz
regionun əsas siyasi, iqtisadi və hərbi güc mərkəzinə çevrilib. Bu
gün azad edilmiş torpaqlarda aparılan quruculuq işləri Azərbaycanın
gələcəyinin daha güclü, daha təhlükəsiz və daha firavan olacağının
ən parlaq göstəricisidir”.

