
2003-cü ildən sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə formalaşmış möhkəm təmələ əsaslanan sürətli və dinamik inkişaf mərhələsi başlanmışdır. Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, regionların, ayrı-ayrı sahələrin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarının, imzalanmış fərman və sərəncamların icrası, enerji resurslarının ixracından əldə olunan gəlirlərin bir qisminin bu məqsədlərə yönəldilməsi iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, ölkədə bütün sahələr üzrə müasir infrastrukturun yaradılmasına, əhalinin rifahının yüksəldilməsinə imkan vermişdir.
APA xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer alıb.
“Bu gün Bakının, şəhərlərimizin yeni və müasir siması onu deməyə əsas verir ki, Azərbaycan hər birimizin fəxr edə biləcəyi zirvəyə yüksəlmişdir. Bakı bulvarı, Ağ şəhər, Alov qüllələri, Heydər Əliyev Mərkəzi, parklar, xiyabanlar, istirahət və əyləncə mərkəzləri, ən müasir standartlara cavab verən səhiyyə, təhsil və mədəniyyət ocaqları, turizm obyektləri və s. paytaxtımızın dünyanın ən gözəl şəhərləri sırasında öz layiqli yerini tutduğunu əyani şəkildə nümayiş etdirir”, – deyə Samir Nuriyev bildirib.
Məqalədə, həmçinin qeyd olunub: “Şəhərsalma və memarlıq da daxil olmaqla, davamlı tərəqqinin miqyası aydın şəkildə göstərir ki, əldə olunmuş uğurların əsasında illər əvvəl düşünülmüş, mərhələli şəkildə reallaşdırılmış və zaman keçdikcə daha aydın şəkildə üzə çıxan sistemli yanaşma dayanır”.


