Bakı. Trend:
Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində
Azərbaycan təkcə müstəqilliyini bərpa etməklə kifayətlənməyib, həm
də möhkəm dövlətçilik ənənələrinə malik güclü və dayanıqlı dövlətə
çevrilib.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatl Şahin
Seyidzadə deyib.
Millət vəkili xatırladıb ki, XX əsrin ikinci yarısında
Azərbaycan keçmiş sovet sisteminin tərkibində fəaliyyət göstərsə
də, milli maraqların qorunması və gələcək müstəqilliyin təmin
olunması baxımından ciddi çağırışlarla üz-üzə idi:
“1969-cu ildə Heydər Əliyevin respublika rəhbərliyinə irəli
çəkilməsi ilə ölkənin həyatında dönüş yarandı. O, mövcud ideoloji
məhdudiyyətlərə baxmayaraq, milli inkişaf strategiyasını
formalaşdırmağa və həyata keçirməyə başladı. Bu strategiyanın əsas
məqsədi Azərbaycanın iqtisadi, sosial və mədəni potensialını
gücləndirmək, eyni zamanda milli özünüdərk hissini möhkəmləndirmək
idi.
1970–1980-ci illər ərzində həyata keçirilən kompleks tədbirlər
nəticəsində Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoydu.
Sənaye sahəsində aparılan islahatlar ölkənin iqtisadi strukturunu
köklü şəkildə dəyişdirdi. Neft-kimya, maşınqayırma, metallurgiya,
energetika və digər sahələrdə yaradılan iri müəssisələr
respublikanın iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırdı. Bakı,
Sumqayıt və Gəncə kimi şəhərlər müasir sənaye mərkəzlərinə
çevrildi. Bu dövrdə yaradılmış istehsal infrastrukturu sonradan
müstəqil Azərbaycanın iqtisadi dayanıqlığının əsasını təşkil
etdi.
Energetika və nəqliyyat sahələrində həyata keçirilən layihələr
də xüsusi əhəmiyyət kəsb edirdi. Yeni elektrik stansiyalarının
tikilməsi, enerji sisteminin modernləşdirilməsi və nəqliyyat
şəbəkəsinin genişləndirilməsi ölkənin iqtisadi inteqrasiyasını
gücləndirdi. Bu infrastruktur gələcəkdə Azərbaycanın beynəlxalq
iqtisadi layihələrdə fəal iştirakına imkan yaratdı və ölkənin
strateji əhəmiyyətini artırdı.
Heydər Əliyevin siyasətində milli-mənəvi dəyərlərin qorunması
mühüm yer tuturdu. O, yaxşı anlayırdı ki, milli kimliyin qorunması
güclü dövlət quruculuğunun əsas şərtlərindən biridir. Buna görə də
Azərbaycan dilinin inkişafı, mədəni irsin qorunması və milli
ənənələrin yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata
keçirildi. Onun təşəbbüsü ilə Azərbaycan dili dövlət idarəçiliyində
daha geniş tətbiq olunmağa başladı və bu, milli özünüdərkin
möhkəmlənməsinə güclü təkan verdi.
1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin
dövlət dili kimi təsbit olunması bu istiqamətdə atılmış mühüm
addımlardan biri idi. Bu qərar o dövrün ideoloji şərtləri nəzərə
alındıqda böyük siyasi cəsarət nümunəsi idi. Heydər Əliyevin
qətiyyəti nəticəsində milli dilin hüquqi statusu qorunub saxlanıldı
və bu, gələcəkdə müstəqil dövlətin dil siyasətinin əsasını təşkil
etdi.
Ulu öndərin fəaliyyətində kadr siyasəti də mühüm yer tuturdu. O,
yüksək ixtisaslı milli kadrların hazırlanmasına xüsusi diqqət
yetirir, gənclərin nüfuzlu ali təhsil müəssisələrində oxumasına
şərait yaradırdı. Bu siyasət nəticəsində müxtəlif sahələr üzrə
peşəkar mütəxəssislər yetişdi və onlar sonradan müstəqil
Azərbaycanın inkişafında aparıcı rol oynadılar”.
Deputatın sözlərinə görə, 1990-cı illərin əvvəllərində
Azərbaycan müstəqillik əldə etsə də, ölkədə yaranmış siyasi böhran,
iqtisadi tənəzzül və hərbi münaqişələr vəziyyəti son dərəcə
gərginləşdirmişdi:
“Dövlət institutlarının zəifləməsi, qanunçuluğun pozulması və
vətəndaş qarşıdurması ölkəni parçalanma təhlükəsi ilə üz-üzə
qoymuşdu. Belə bir şəraitdə xalqın tələbi ilə Heydər Əliyevin
hakimiyyətə qayıdışı tarixi zərurət idi. 1993-cü ildə onun siyasi
rəhbərliyə qayıdışı ilə Azərbaycanda sabitliyin bərpası
istiqamətində mühüm addımlar atıldı. Qanunsuz silahlı birləşmələrin
zərərsizləşdirilməsi, dövlət idarəçiliyində nizam-intizamın təmin
olunması və ictimai-siyasi sabitliyin bərpası qısa müddətdə öz
müsbət nəticələrini verdi. Azərbaycan dövlətçiliyi məhv olmaq
təhlükəsindən xilas edildi və inkişaf üçün əlverişli şərait
yaradıldı.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi
islahatlar Azərbaycanın demokratik dövlət kimi formalaşmasında
mühüm rol oynadı. 1995-ci ildə qəbul edilən Konstitusiya ölkənin
hüquqi əsaslarını müəyyənləşdirdi və insan hüquq və azadlıqlarının
təminatını dövlət siyasətinin əsas istiqamətlərindən birinə
çevirdi. Bu sənəd hüquqi dövlət quruculuğunun təməlini qoydu.
Milli parlamentarizm ənənələrinin formalaşdırılması da ulu
öndərin xidmətləri sırasında xüsusi yer tutur. Demokratik seçkilər
əsasında formalaşan Milli Məclis ölkənin qanunvericilik sisteminin
təkmilləşdirilməsində mühüm rol oynadı. Qəbul edilən qanunlar
iqtisadi islahatların həyata keçirilməsinə, sosial rifahın
yüksəldilməsinə və dövlət idarəçiliyinin səmərəliliyinin
artırılmasına xidmət etdi.
Xarici siyasət sahəsində həyata keçirilən balanslaşdırılmış kurs
Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə
gücləndirdi. Beynəlxalq təşkilatlarla əməkdaşlığın
genişləndirilməsi, xarici investisiyaların cəlb olunması və enerji
layihələrinin reallaşdırılması ölkənin dünya iqtisadiyyatına
inteqrasiyasını sürətləndirdi. Azərbaycan regionda etibarlı
tərəfdaş kimi tanındı və beynəlxalq nüfuzu artdı”.
Ş.Seyidzadə əlavə edib ki, bu gün Azərbaycanın əldə etdiyi
nailiyyətlər – iqtisadi inkişaf, siyasi sabitlik və beynəlxalq
nüfuz – Heydər Əliyevin müəyyən etdiyi strateji kursun
nəticəsidir.
“Bu kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata
keçirilir. Müasir Azərbaycan güclü iqtisadi potensiala malik
olmaqla yanaşı, regional və qlobal proseslərdə fəal iştirak edən
müstəqil dövlətdir. Nəticə etibarilə, Heydər Əliyevin siyasi
fəaliyyəti Azərbaycan tarixində yeni bir epoxanın başlanğıcını
qoymuşdur. Onun yaratdığı möhkəm dövlətçilik təməli,
formalaşdırdığı milli ideologiya və müəyyən etdiyi inkişaf
strategiyası bu gün də ölkənin tərəqqisinin əsas dayağıdır.
Azərbaycan xalqı bu zəngin siyasi irsə arxalanaraq gələcəyə inamla
addımlayır, müstəqil dövlətini daha da gücləndirir və beynəlxalq
aləmdə öz layiqli yerini möhkəmləndirir”, – deyə o sözünü
yekunlaşdırıb.



