
Bakı. Trend:
Azərbaycanın Türkmənistandakı Səfirliyi tərəfindən Türkmənistan
Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan
olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycan-Türkmənistan:
Qardaşlıq və Strateji Əməkdaşlıq münasibətləri” mövzusunda tədbir
keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı
Səfirliyindən məlumat verilib.
Tədbir iştirakçıları əvvəl İnstitutun foyesində Ümummilli Lider
Heydər Əliyevin xarici siyasət kursunu, eləcə də
Azərbaycan–Türkmənistan münasibətlərini əks etdirən foto sərgi ilə
tanış olublar.
Daha sonra təhsil müəssisəsinin akt zalında Ümummilli Lider
Heydər Əliyevin həyatına həsr olunmuş və Türkmən xalqının Milli
Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu
Berdiməhəmmədovun Azərbaycana səfərinə dair videoçarx nümayiş
etdirilib.
Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov tədbir
çərçivəsində “Azərbaycan–Türkmənistan: Qardaşlıq və Strateji
Əməkdaşlıq münasibətləri” mövzusunda mühazirə ilə çıxış edib.
Səfir çıxışında Ümummilli Lider Heydər Əliyevin xarici siyasət
kursuna, həmçinin Azərbaycan–Türkmənistan münasibətlərinin tarixi
və strateji əsaslarına xüsusi diqqət yetirib. Bildirilib ki,
Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunda region
ölkələri ilə, xüsusilə ortaq tarixi və mənəvi dəyərləri bölüşən
qardaş dövlətlərlə münasibətlər mühüm strateji əhəmiyyət daşıyırdı.
Bu baxımdan qardaş Türkmənistanla əlaqələr həmin siyasi xəttin əsas
istiqamətlərindən birini təşkil etmişdir. Heydər Əliyev Xəzər
regionunu əməkdaşlıq və sabitlik məkanı kimi dəyərləndirir,
dövlətlərarası etimadı əsas şərt hesab edirdi. Onun uzaqgörən
siyasəti nəticəsində Azərbaycan–Türkmənistan münasibətləri
qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri
əsasında formalaşmış, siyasi dialoqun möhkəm təməli qoyulmuş və
strateji əməkdaşlıq üçün dayanıqlı zəmin yaradılmışdır. Bu gün
mövcud yüksək səviyyəli əlaqələr həmin siyasi kursun davamı kimi
inkişaf edir.
Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri
Qurbanqulu Berdiməhəmmədov arasında formalaşmış yüksək səviyyəli
siyasi dialoq nəticəsində 2017-ci ildə imzalanmış “Strateji
tərəfdaşlığa dair Bəyannamə” iki ölkə arasında münasibətlərin
hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirmiş, qardaşlıq və
strateji tərəfdaşlıq əlaqələrinin inkişafı üçün mühüm platforma
yaratmışdır. Bu sənədin imzalanmasından sonra
Azərbaycan–Türkmənistan münasibətləri ardıcıl şəkildə inkişaf
etmiş, xüsusilə son illərdə iki ölkə prezidentləri İlham Əliyev və
Sərdar Berdiməhəmmədovun siyasi iradəsi nəticəsində daha da
dərinləşərək, yeni inkişaf mərhələsinə yüksəlib.
Qismət Gözəlov çıxışında 2025-ci ildə həyata keçirilən yüksək
səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən Azərbaycan Prezidenti
İlham Əliyevin Türkmənistana və Qurbanqulu Berdiməhəmmədovun Bakı,
Qarabağ və Qəbələyə səfərlərinin ikitərəfli münasibətlərin
inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin, qeyd
olunub ki, 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri
Təşkilatının Zirvə Görüşü çərçivəsində aparılan müzakirələr və
qəbul edilən qərarlar Türk dünyasında əməkdaşlığın daha da
güclənməsinə xidmət edib. Səfir eyni zamanda, ölklərimiz arasında
iqtisadi, enerji, nəqliyyat, humanitar və mədəni sahələrdə
əməkdaşlığın genişləndiyini, xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizi
və enerji layihələrinin strateji əhəmiyyət daşıdığını diqqətə
çatdırıb.
Bununla yanaşı, çıxışda Azərbaycan–Türkmənistan münasibətlərinin
elm, təhsil və mədəniyyət sahələrində də dinamik inkişaf etdiyi,
qarşılıqlı mədəniyyət günləri, universitetlərarası, o cümlədən
Azərbaycanın ADA Universiteti ilə Türkmənistan XİN-in Beynəlxalq
Münasibətlər İnstitutu arasında əməkdaşlıq və birgə layihələrin
xalqlar arasında əlaqələri daha da möhkəmləndirdiyi qeyd olunub.
Elm və təhsil sahəsində əməkdaşlıq çərçivəsində, eyni zamanda,
“Study in Azerbaijan” proqramı çərçivəsində Ümummilli Lider Heydər
Əliyevin adını daşıyan xüsusi təqaüd proqramının Türkmənistan
vətəndaşlarına Azərbaycanda tam maliyyələşdirilən təhsil almaq
imkanı yaratdığı vurğulanıb.
Mühazirə sual-cavab sessiyası ilə davam etmiş, tələbələrin
sualları cavablandırılıb.
Tədbirdə İnstitutun prorektoru Qayqısız Dövletov,
professor-müəllim heyəti, tələbələr, media nümayəndələri və digər
rəsmi qonaqlar iştirak edib.
Sonda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Zəlimxan
Yaqubun Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət
dastanı” poemalar kitabının türkmən dilinə tərcümə olunmuş
(“Ebedilik dessany”) nəşri tələbələrə təqdim edilib.


