
Bakı. Trend:
Mayın 15-də Qazaxıstanın Türkistan vilayətində Türk Dövlətləri
Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü
keçiriləcək.
Bu barədə Trend-ə
TDT-dən bildirilib.
Məlumatda qeyd edilib ki, Qazaxıstanın ev sahibliyi ilə
keçiriləcək görüş “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunu
əhatə edəcək.
Təşkilata üzv və müşahidəçi ölkələrin dövlət və hökumət
başçılarını, eləcə də TDT-nin baş katibini bir araya gətirəcək
görüş sürətlə inkişaf edən rəqəmsal dövrdə əməkdaşlığın prioritet
istiqamətlərinin müzakirəsi üçün mühüm platforma olacaq. Zirvə
görüşündə, həmçinin təşkilatın Ağsaqqallar Şurası və türk
əməkdaşlıq təşkilatlarının üzvləri də iştirak edəcəklər.
Qeyri-rəsmi toplantı, süni intellekt, rəqəmsal innovasiya və
yeni yaranan texnologiyaların transformasiyaedici potensialından
istifadə etməklə dayanıqlı iqtisadi artımın təşviqi, dövlət
xidmətlərinin təkmilləşdirilməsi və regional əlaqəliliyin
gücləndirilməsi istiqamətində türkdilli dövlətlər arasında strateji
dialoqun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb
edir.
Rəsmi proqram çərçivəsində Dövlət Başçıları Şurasının iclasından
əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının toplantısı da
keçiriləcək.
“Zirvənin Türk dünyasının mənəvi paytaxtı Türkistanda
keçirilməsi türk xalqlarının ortaq tarixi irsi ilə dinamik və
rəqəmsal baxımdan gücləndirilmiş gələcəyin qurulması istiqamətində
ortaq baxışın güclü simvolu kimi çıxış edir. Zirvənin türk
dövlətləri arasında birlik, həmrəylik və nəticəyönümlü əməkdaşlığı
daha da gücləndirəcəyi gözlənilir”, – məlumatda bildirilir.


