2026-cı ilin I rübündə “MOL Group”un AÇG üzrə əsaslı xərcləri artıb

Baş səhifə

Bakı. Trend:

Macarıstanın “MOL Group” şirkətinin Azərbaycan sektorundakı
“Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokunun işlənməsinə
yönəltdiyi əsaslı xərclər 2026-cı ilin birinci rübündə 32,4 milyon
dollar təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründə 19,4
milyon dollar olub.

Trend bu barədə
şirkətin məlumatlarına istinadən xəbər verir.

Beləliklə, şirkətin AÇG-nin işlənməsinə çəkdiyi əsaslı xərclər
illik ifadədə 1,7 dəfə artıb.

Eyni zamanda, 2026-cı ilin birinci rübündə geoloji kəşfiyyat
xərcləri ötən ilin müvafiq dövründəki 3,6 milyon dollarla
müqayisədə 1,2 milyon dollar təşkil edib.




Ümumilikdə, 2026-cı ilin birinci rübündə bp və konsorsiumdakı
tərəfdaşları AÇG-nin işlənməsi üçün əməliyyat xərclərinə təxminən
134 milyon dollar, əsaslı xərclərə isə təxminən 363 milyon dollar
yönəldiblər.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin birinci rübündə layihə
üzrə əməliyyat xərcləri 115 milyon dollar, kapital xərcləri isə 251
milyon dollar təşkil edib. Beləliklə, əməliyyat xərcləri 16,5 faiz,
kapital xərcləri isə 44,6 faiz artıb.

AÇG-də iştirak payları aşağıdakı kimidir:

bp (operator- 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX
(9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ONGC Videsh (2,92%).