Azərbaycan Respublikasının Milli Məclisinin Avropa Parlamenti ilə bağlı qəbul etdiyi son qərar ölkəmizin milli maraqlarına əsaslanan prinsipial və ardıcıl siyasətin növbəti təzahürüdür.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, bu qərar təsadüfi deyil, uzun illər ərzində formalaşmış reallıqların, qarşılıqlı münasibətlərdə yaranmış ciddi problemlərin və xüsusilə də Avropa Parlamentinin Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli mövqenin məntiqi nəticəsidir: “Milli Məclis hər zaman beynəlxalq parlamentlərarası əməkdaşlıqda sülh, təhlükəsizlik və qarşılıqlı hörmət prinsiplərinə sadiq olub, lakin bu prinsiplərin birtərəfli şəkildə pozulduğu hallarda adekvat və prinsipial addımların atılması qaçılmaz olur”.

Milli Məclisin qərarı siyasi mesajdır
Vüqar İskəndərov bildirib ki, Avropa Parlamenti uzun müddətdir Azərbaycana münasibətdə obyektivlikdən uzaq, selektiv və siyasi motivli yanaşma sərgiləyir: “Azərbaycanın dəfələrlə bu qərəzli yanaşmalara son qoyulması ilə bağlı çağırışlarına baxmayaraq, həmin qurum ölkəmizə qarşı məqsədyönlü fəaliyyətini davam etdirib. Xüsusilə son illərdə qəbul edilən qətnamələrdə yer alan əsassız ittihamlar, təhrif olunmuş məlumatlar və birtərəfli yanaşmalar artıq sistemli xarakter alıb və bu, parlamentlərarası dialoqun mahiyyətinə ziddir. Bu cür yanaşma qarşılıqlı etimadı sarsıdır və əməkdaşlıq üçün zəruri olan siyasi mühiti zəiflədir”.
Deputat diqqətə çatdırıb ki, Milli Məclisin qərarına əsasən Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin dayandırılması, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirakın dayandırılması və Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi ilə bağlı prosedurların başlanması Azərbaycanın bu məsələdə nə qədər ciddi mövqe tutduğunu göstərir: “Bu addım həm də açıq mesajdır ki, Azərbaycan öz suverenliyinə və daxili işlərinə müdaxiləni qətiyyən qəbul etmir və bu istiqamətdə kompromisə getmək niyyətində deyil. Bu qərar eyni zamanda beynəlxalq münasibətlərdə bərabərhüquqlu əməkdaşlığın vacibliyini bir daha gündəmə gətirir. Azərbaycan artıq uzun müddətdir bəzi Avropa institutları ilə münasibətlərdə ehtiyatlı və məsafəli mövqe sərgiləyir. Lakin Avropa Parlamentinin qərəzli siyasətinə son qoyulmaması, əksinə daha da dərinləşməsi rəsmi Bakını daha kəskin addımlar atmağa vadar edib. Bu kontekstdə Avropa İttifaqının Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və etiraz notasının təqdim olunması da baş verənlərə verilən adekvat diplomatik reaksiyadır. Bu addımlar beynəlxalq hüquq çərçivəsində atılmış legitim və əsaslandırılmış addımlardır”.

Lobbiçilik və ikili standartlar
Vüqar İskəndərov bildirib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi müəyyən lobbiçilik qruplarının təsiri ilə formalaşır: “Bu qurumda qəbul edilən sənədlərin əksəriyyəti konkret maraq dairələrinin təsiri altında hazırlanır və bu, obyektiv yanaşmanı arxa plana keçirir. Xüsusilə erməni lobbisinin təsiri, eləcə də islamofob meyillər Avropa Parlamentində qəbul edilən qərarlarda açıq şəkildə özünü göstərir. Bu amillər Avropa Parlamentinin qərarlarını siyasi alətə çevirir və onların obyektivliyini ciddi şəkildə şübhə altına alır”.
Deputat vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Avropa Parlamenti Azərbaycan əleyhinə 10-dan artıq qətnamə qəbul edib: “Bu qətnamələr müxtəlif dövrlərdə fərqli mövzular altında təqdim olunsa da, mahiyyət etibarilə eyni məqsədə – Azərbaycana təzyiq göstərmək və ölkəmizin beynəlxalq imicinə xələl gətirmək niyyətinə xidmət edib. Azərbaycan isə müharibədən sonra regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində ardıcıl addımlar atıb, sülh müqaviləsinin imzalanması üçün real təşəbbüslərlə çıxış edib və konstruktiv mövqe nümayiş etdirib”.
Avropa Parlamentində korrupsiya qalmaqalları və etimad böhranı
Vüqar İskəndərov diqqətə çatdırıb ki, Avropa Parlamentinin son illərdə müxtəlif korrupsiya qalmaqallarında hallanması onun beynəlxalq nüfuzuna ciddi zərbə vurub: “Belə hadisələr bu qurumun şəffaflığı və etibarlılığı ilə bağlı ciddi suallar doğurur. Eyni zamanda digər lobbiçilik qalmaqalları, müxtəlif maraq qruplarının təsiri ilə bağlı ortaya çıxan faktlar Avropa Parlamentində ciddi institusional problemlərin mövcud olduğunu göstərir. Belə şəraitdə həmin institutun digər ölkələrə “demokratiya dərsi” keçməsi nə məntiqə, nə də siyasi etikaya uyğun gəlir”.
Regional sülhə mane olan mövqe
Deputat qeyd edib ki, Avropa Parlamenti təkcə Azərbaycanla münasibətlərə zərər vermir, həm də regionda sülh və sabitlik prosesinə mənfi təsir göstərir: “Bu qurumun revanşist qüvvələri təşviq edən mövqeyi və qarşıdurmanı körükləyən ritorikası bölgədə yeni risklər yaradır. Belə yanaşma regionda əldə edilmiş həssas sabitliyə təhlükə yaradır və sülh gündəliyinə zərbə vurur. Azərbaycan isə müstəqil siyasətini qətiyyətlə davam etdirir və heç bir xarici təzyiq qarşısında geri çəkilmir. Milli Məclisin qəbul etdiyi qərar da məhz bu siyasətin tərkib hissəsidir və ölkəmizin yalnız qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa açıq olduğunu bir daha nümayiş etdirir. Bu addım beynəlxalq ictimaiyyətə aydın mesajdır ki, Azərbaycan öz suveren hüquqlarını qorumaqda qətiyyətlidir, milli maraqlarını müdafiə etmək üçün bütün zəruri addımları atmağa hazırdır və qərəzli yanaşmaları qəbul etməyəcək”.

