
Bakı. Trend:
İngiltərə Futbol Assosiasiyası (FA) “Çelsi”nin futbolçusu
Mixaylo Mudriki antidopinq qaydalarını pozduğuna görə 4 il
müddətinə futboldan kənarlaşdırıb.
Trend xəbər
verir ki, bu müddət oxşar qayda pozuntularına görə nəzərdə tutulan
maksimum cəzadır.
Ukraynalı vinger bu sərt qərarla razı deyil və artıq qərardan
şikayət vermə prosesinə başlayıb. Məlumata əsasən, Mudrik
Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya sənədləri
təqdim edib.
CAS nümayəndələri artıq 25 yaşlı oyunçunun FA-nın qərarından
şikayət etdiyini təsdiqləyiblər. Məhkəmənin rəsmi açıqlamasında
qeyd olunub ki, Mudrik ona verilən 4 illik diskvalifikasiya
müddətindən apellyasiya şikayəti verib. Hazırda tərəflər yazılı
bəyanatlarla mübadilə aparırlar. Dinləmənin tarixi hələ
müəyyənləşdirilməyib.
Futbolçunun müqavilə ilə məxsus olduğu “Çelsi” isə bu vəziyyətlə
bağlı hər hansı rəsmi şərh verməkdən imtina edib. London klubu
Lozannada hüquqi prosesin inkişafını gözləyir.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Mudrikin dopinq qəbul
etdiyi müəyyən olunub. Onun orqanizmində qadağan olunmuş meldonium
maddəsi aşkarlanıb. Ukrayna millisinin üzvü futboldan
uzaqlaşdırılana qədər “Çelsi” forması ilə 73 oyunda iştirak edib,
10 qol vurub və 11 məhsuldar ötürmə edib.


