
Bakı. Trend:
Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü
münasibətilə “Ədibin evi”ndə ədəbi-bədii tədbir təşkil olunub.
Trend xəbər
verir ki, Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə
keçirilən tədbirdə tanınmış elm və ədəbiyyat xadimləri, ziyalılar,
tələbələr və ədəbiyyatseverlər iştirak ediblər.
Tədbirin rəsmi hissəsini açıq elan edən Akademiyanın sosial və
iqtisadi məsələlər üzrə prorektoru, rektor köməkçisi Gülnarə
Əhmədova akademik Arif Paşayevin salamlarını iştirakçıların
diqqətinə çatdıraraq tədbirin işinə uğurlar arzulayıb.
Daha sonra Milli Məclis sədrinin müavini, akademik Rəfail
Hüseynov, akademik Nizami Cəfərov və akademik Misir Mərdanov çıxış
edərək Mir Cəlal Paşayevin zəngin elmi və ədəbi irsinin
milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutduğunu
vurğulayıblar. Qeyd olunub ki, görkəmli ədibin yaradıcılığı yalnız
keçmişin mirası deyil, həm də gələcək nəsillər üçün mühüm mənəvi
istiqamətverici rol oynayır.
Tədbirdə yazıçının tələbələrindən biri, “Azərbaycan” jurnalının
baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə müəllimi
ilə bağlı xatirələrini bölüşərək onun pedaqoji və insani
keyfiyyətlərindən bəhs edib.
Bədii hissədə tələbələr tərəfindən ədibin şah əsəri olan “Bir
gəncin manifesti” , “Yad adam” hekayəsi əsasında hazırlanmış
səhnəcik təqdim olunub, həmçinin “Qaf ucalığı” və “Bizim Mir Cəlal
müəllim” adlı şeirlər səsləndirilib. Musiqi nömrələri və ədəbi
kompozisiyalar tədbirə xüsusi rəng qatıb.
Eyni zamanda, Mir Cəlal Paşayevin “Dirilən adam” əsərinin müasir
interpretasiyası əsasında hazırlanmış televiziya layihəsi barədə
məlumat verilib. Bildirilib ki, Azərbaycan Televiziyasının
təşəbbüsü ilə həyata keçirilən layihə milli ədəbiyyatın təbliğinə
xidmət edir.
Öz növbəsində Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq
Mehrəliyeva çıxış edərək qeyd edib ki, Mir Cəlal Paşayevin irsinin
qorunması və təbliği “Ədibin evi” üçün yalnız vəzifə deyil, həm də
mənəvi missiyadır.
Tədbirin sonunda Bakı Dövlət Universitetinin professoru Ədibə
Paşayeva bu kimi tədbirlərin milli-mənəvi dəyərlərin təbliği və
ədəbiyyata marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb
etdiyini vurğulayıb.
Sonda fəal iştirak edən tələbələrə “Ədibin evi”nin simvolik
hədiyyələri təqdim olunub.
Tədbir Əməkdar artist Lalə Məmmədovanın ifası ilə başa çatıb.


