ABŞ-nin müvəqqəti işlər vəkili ABŞ–Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsi barədə danışıb

Baş səhifə

Bakı. Trend:

Aprelin 17-də Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham
Azərbaycan) aylıq Üzvlər Naharını keçirib. Tədbirdə ABŞ-nin
Müvəqqəti işlər vəkili Emi Karlon, Dövlət Departamentinin İqtisadi,
Enerji və Biznes Məsələləri üzrə baş məsləhətçisi Rebeka Neff və
ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrə
ölkə meneceri Sara Leminq iştirak ediblər. AmCham Azərbaycan ölkədə
kommersiya əlaqələrinin inkişafında və ABŞ özəl sektorunun
Azərbaycandakı fəaliyyətinin dəstəklənməsində mühüm rol
oynayır.

Bu barədə Trend-ə ABŞ-nin Azərbaycandakı səfirliyindən məlumat
verilib.

Bildirilib ki, ABŞ və Azərbaycan hökumətləri fevralın 10-da
vitse-prezident Cey Di Vens və Prezident İlham Əliyev tərəfindən
imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının icrası istiqamətində
fəal iş aparırlar. Əsas çıxışında Müvəqqəti işlər vəkili Karlon
regional bağlantıların genişləndirilməsi, o cümlədən enerji,
ticarət və tranzit sahələrində əməkdaşlıq, iqtisadi investisiyalar
— xüsusilə süni intellekt və rəqəmsal infrastruktur — eləcə də
təhlükəsizlik sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində
görülən işləri vurğulayıb. Xanım Neff və USTDA nümayəndə heyətinin
səfəri də bu səylərin tərkib hissəsidir və məqsəd Azərbaycanla
birgə konkret layihələr hazırlayaraq ikitərəfli münasibətləri daha
yüksək səviyyəyə qaldırmaqdır.




Müvəqqəti işlər vəkili Karlon Azərbaycanın regional nəqliyyat və
yükdaşıma mərkəzi kimi böyük potensiala malik olduğunu qeyd edib və
hər iki ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması
istiqamətində görülən işləri vurğulayıb. Bu səylərin qarşılıqlı
investisiyaların və ticarətin artmasına, eləcə də ümumi rifahın
yüksəlməsinə töhfə verəcəyi bildirilib. O, ABŞ–Azərbaycan
münasibətlərinin inkişafına verdiyi uzunmüddətli töhfələrə görə
AmCham-a təşəkkürünü bildirib.

Müvəqqəti işlər vəkili Karlon bildirib:

“Tramp Administrasiyası dövründə biz iqtisadi diplomatiyaya və
qarşılıqlı rifah yaradan razılaşmalara xüsusi önəm veririk.”