
Bakı. Trend:
Azərbaycan Çexiya Respublikası ilə enerji əməkdaşlığını xam neft
tədarükündən, o cümlədən təbii qaz və bərpa olunan enerji
mənbələrindən kənarda genişləndirmək üçün əhəmiyyətli imkanlar
görür.
Trend xəbər verir ki, bunu
Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi Elçin Əmirbəyov Çexiya mediasına müsahibəsində
bildirib.
“Çexiyada istifadə olunan neftin təxminən üçdə birinin
Azərbaycandan gəldiyini demək olar. Bu əməkdaşlıq təbii qaz da
daxil olmaqla, digər sahələrə də genişləndirilə bilər”, – o
deyib.
E. Əmirbəyovun sözlərinə görə, son illərdə Azərbaycan qaz
ixracının coğrafiyasını əhəmiyyətli dərəcədə şaxələndirib.
“Azərbaycanın günəş və külək enerjisi, eləcə də elektrik
enerjisi sahəsində böyük potensialı olduğundan, enerji portfelimizi
bərpa olunan enerji mənbələrini də əhatə etməklə genişləndirə
bilərik. Avropanın enerji mənbələrini şaxələndirmək üçün bir neçə
Avropa İttifaqı ölkəsi və regional dövlətlərlə müzakirələr davam
edir”, – o bildirib.
E. Əmirbəyov qaz təchizatının daha da genişləndirilməsi üçün
infrastrukturun modernləşdirilməsi və investisiya qoyuluşunun tələb
olunacağını vurğulayıb.
“Yeni ölkələrə qaz tədarükünün həcminin artırılması, şübhəsiz
ki, həm kəşfiyyat, həm də hasilat sahələrinə, eləcə də mövcud
infrastrukturun imkanlarının genişləndirilməsinə əlavə investisiya
tələb edir. Avropaya təbii qaz ixrac etdiyimiz Cənub Qaz Dəhlizi
artıq tam gücü ilə işlədiyindən, əlavə imkanlara ehtiyacımız var.
Buna nail olmaq üçün Avropa İttifaqı və Azərbaycan birlikdə
çalışmalıdırlar”, – o əlavə edib.

