
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp administrasiyasına kommersiya
təyyarələri, aviasiya mühərrikləri və onların ehtiyat hissələrinin
idxalı ilə bağlı məsələlər üzrə ticarət tərəfdaşları ilə
danışıqlara başlanılması barədə göstəriş verib.
Bu barədə Ağ Evin rəsmi saytında dərc olunmuş sərəncamda
bildirilib.
Sənədə əsasən, ABŞ-nin ticarət naziri Hovard Latnikin apardığı
araşdırmanın nəticələri kommersiya aviasiyası məhsullarının mövcud
tədarük şərtləri və həcmlərinin ölkənin milli təhlükəsizliyi
baxımından risklər yaratdığını göstərib.
Donald Tramp qeyd edib ki, ABŞ-ın təyyarəqayırma sektoru həm
iqtisadi, həm də müdafiə ehtiyaclarının tam təmin olunmasında
müəyyən çətinliklərlə qarşılaşır.
“Qərara gəldim ki, kommersiya aviasiyası məhsulları, mühərriklər
və ehtiyat hissələrinin idxalının tənzimlənməsi məqsədilə ticarət
tərəfdaşlarımızla danışıqlara başlamaq zəruridir. Bu məhsulların
tədarükü ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid mənbəyinə
çevrilməməlidir”, – deyə ABŞ prezidentinin bəyanatında
vurğulanıb.
Tramp, həmçinin, görülən işlər və əldə olunan nəticələr barədə
180 gün ərzində ona hesabat təqdim edilməsini tapşırıb.

