Avropa Parlamenti rəqəmsal avronun yaradılması təşəbbüsünü təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

Avropa Parlamenti (AP) rəqəmsal avronun yaradılması təşəbbüsünü
təsdiqləyib və bununla da valyutanın 2029-cu ilin yanvarından
dövriyyəyə buraxılması istiqamətində institusional danışıqların
yekun mərhələsinə keçidə şərait yaradıb.

Bu barədə “European Conservative” nəşri məlumat yayıb.

Məlumata görə, təşəbbüs 416 deputatın dəstəyi ilə qəbul olunub,
169 deputat isə sənədin əleyhinə səs verib.

Bildirilib ki, Avropa İttifaqı Şurası, Avropa Parlamenti və
Avropa Komissiyası 2026-cı ilin sonunadək layihənin əsas
parametrləri üzrə razılığa gəlməlidir. Bundan sonra Avropa Mərkəzi
Bankı 2027-ci ildə məhdud miqyaslı sınaqlara başlamağı nəzərdə
tutur.




Hazırda elektron ödənişlər əsasən Visa, Mastercard, American
Express kimi beynəlxalq operatorlar, həmçinin PayPal, Apple Pay və
Google Pay rəqəmsal xidmətləri vasitəsilə həyata keçirilir. Aİ isə
vətəndaşların və biznes subyektlərinin özəl operatorlarla yanaşı,
Avropaya məxsus ictimai ödəniş infrastrukturundan da istifadə
imkanına malik olmasını hədəfləyir.

Brüsselin mövqeyinə görə, rəqəmsal avro Aİ-nin strateji
müstəqilliyini gücləndirməli, ABŞ mənşəli ödəniş sistemlərindən
asılılığı azaltmalı və nağd pulun alternativi deyil, onu tamamlayan
ödəniş vasitəsi kimi fəaliyyət göstərməlidir.

Layihəyə əsasən, əsas xidmətlər ödənişsiz olacaq, istifadəçilər
hesab açmaq, vəsaitlərini saxlamaq və idarə etmək imkanı əldə
edəcəklər. Konsepsiyanın mühüm xüsusiyyətlərindən biri isə rəqəmsal
avronun avtonom rejimdə də işləyə bilməsidir.