
Bakı. Trend:
ABŞ və İran nümayəndə heyəti arasında İslamabadda aparılacaq
danışıqların konstruktiv keçəcəyinə inanırıq.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bunu Pakistanın Xarici İşlər
Naziri İşaq Dar bildirib.
Dar tərəflərin İran münaqişəsi ilə bağlı davamlı və dayanıqlı
həll yolu tapması üçün Pakistan hökumətinin vasitəçilik səylərini
davam etdirəcəyini vurğulayıb.
ABŞ vitse-prezidenti Cey Di Vensi qarşılayan XİN rəhbəri Amerika
Birləşmiş Ştatlarının davamlı regional və qlobal sülhə nail olmağa
olan sadiqliyini təqdir edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

