Urbanizasiyanın sürətlə artdığı dövrdə resurslardan səmərəli və məsuliyyətli istifadə xüsusi əhəmiyyət kəsb edir.
“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri” üzrə dövlət standartının təqdimatında bildirib.
Onun sözlərinə görə, Standartın Əhəmiyyəti və Dayanıqlıq Konsepsiyası AZS ISO 20121 standartının milli standartlaşdırma fonduna daxil edilməsi Azərbaycanda məsuliyyətli və dayanıqlı tədbir idarəetməsi yanaşmasının inkişafına, həmçinin bu sahədə beynəlxalq qabaqcıl təcrübələrin tətbiq edilməsinə yeni imkanlar yaradır: “Urbanizasiyanın qlobal səviyyədə sürətlə artdığı, dünyanın artan ekoloji təzyiqlər, demoqrafik dəyişikliklər və sosial bərabərsizliklər kimi ciddi çağırışlarla üzləşdiyi bir dövrdə resurslardan səmərəli və məsuliyyətli istifadə həm dövlət, həm də özəl sektor üçün xüsusi əhəmiyyət kəsb edir. Bu şəraitdə dayanıqlı yanaşmaların tətbiqi yalnız inkişafın təmin olunması deyil, həm də şəhərlərin davamlılığının qorunması baxımından çox vacibdir. Müasir dövrdə dayanıqlıq artıq bir seçim deyil, qlobal inkişafın zəruri şərtinə çevrilib”.
Sədr əlavə edib ki, dayanıqlıq prinsiplərinə uyğun təşkil olunan tədbirlər ətraf mühitə mənfi təsirləri kəskin şəkildə azaltmağa imkan verir: “Tədqiqatlar göstərir ki, dayanıqlıq prinsiplərinə uyğun təşkil olunan tədbirlər karbon emissiyasını təxminən 42 %, ümumi tullantıları 44 %, kağız tullantıları 90 %-a qədər, enerji istehlakını 60-70 % azaltmağa imkan verir. Bu standart eyni zamanda şəhərsalma sahəsi ilə də sıx şəkildə əlaqəlidir. Şəhərsalma insanların həyat keyfiyyətini yüksəltməyə, iqtisadi inkişafı dəstəkləməyə və ətraf mühitin qorunmasına yönəlmiş kompleks bir prosesdir. Dayanıqlı tədbir idarəetməsi yanaşması şəhərlərin davamlı inkişafına töhfə verən vacib alət kimi çıxış edir”.
A.Quliyeb həmçinin qeyd edib ki, standartının tətbiqi həm də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası kontekstində böyük əhəmiyyət daşıyır: “Birləşmiş Millətlər Təşkilatının 2-ci ən böyük konfransı olan forumun əsas tələblərindən biri tədbirin təşkilində dayanıqlıq prinsiplərinin geniş tətbiqidir. Bu standart ölkəmizin hazırlığını və öhdəliklərini daha da gücləndirir”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

