Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun ailəsini ziyarət edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fevralın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin şəhid
baş giziri Şahin Allahyarovun ailəsini ziyarət edib.

Trend xəbər
verir ki, əvvəlcə Leyla Əliyeva şəhidin xatirə guşəsi ilə tanış
olub.

Daha sonra şəhidin anası Nərgiz Allahyarova ilə söhbət edib,
onun oğlu haqqında xatirələrini dinləyib, şəhidin həyatının
müxtəlif dövrlərini əks etdirən şəkillərinə baxıb, Vətən müharibəsi
dövründə ailə üzvlərinə göndərdiyi videoçarxı izləyib.
N.Allahyarova şəhid ailələrinə göstərilən diqqət və qayğıdan
məmnunluq ifadə edib, dövlətimizin başçısına və ailə üzvlərinə
minnətdarlığını bildirib, ölkəmizə sülh, əmin-amanlıq
arzulayıb.

Leyla Əliyeva şəhidin ailə üzvlərinə hədiyyələr təqdim edib,
onlarla şəkil çəkdirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov
2020-ci ildə 44 günlük Vətən müharibəsində Füzulinin, Cəbrayılın və
Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də
Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Quba rayonunda dəfn
edilib.

Döyüşlər zamanı göstərdiyi igidliyə görə Prezident İlham
Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra “Vətən
Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunub.