Bakı. Trend:
ABŞ və Çin Cənubi Koreyada razılaşdırılmış ticarət müqaviləsini
daha bir il uzatmağa hazırlaşır.
Trend-in
məlumatına görə, bu barədə “South China Morning Post” qəzeti
məlumatlı mənbələrə istinadla yazır. Bildirilir ki,
genişləndirilmiş razılaşma ötən ilin oktyabrında Busan şəhərində
keçirilmiş sammit zamanı əldə olunan qısamüddətli iqtisadi
razılaşmaları, o cümlədən Çinin yeni alış öhdəliklərini əhatə edə
bilər.
Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın aprelin
əvvəlində Pekinə səfəri planlaşdırılır. Onun Çin Prezidenti Si
Cinpinlə görüşünün gözlənildiyi, lakin səfərin dəqiq tarixinin hələ
müzakirə olunduğu bildirilir.
Xatırladaq ki, mövcud ticarət razılaşması iki ölkə liderləri
arasında ötən ilin oktyabrında Cənubi Koreyanın Busan şəhərində
keçirilən görüşdən sonra əldə olunmuşdu.

