
Bakı. Trend:
Azərbaycanın enerji sektorunda daha bir tarixi uğur əldə
olunub.
“AzərEnerji” ASC-nin yaydığı məlumata görə, “SOCAR Trading” ilə
birgə əməkdaşlıq çərçivəsində Kəlbəcər rayonunda yerləşən
“Çıraq-1”, “Çıraq-2”,
“Soyuqbulaq”, “Meydan” və
“Qamışlı” kiçik su elektrik stansiyaları
beynəlxalq karbon sertifikatı almaq üçün uğurla qeydiyyatdan keçib.
Bu stansiyalar üzrə illik 37 min ton karbon emissiyasının
azaldılması təsdiqlənəcək və müvafiq karbon sertifikatları
təqdim ediləcək.
Xatırladaq ki, bu ilin yanvarında Laçında yerləşən
“Mirik” və “Qaraqışlaq” kiçik su
elektrik stansiyaları İsveçrədə yerləşən beynəlxalq karbon
sertifikatlaşdırma qurumu Gold Standard tərəfindən
10 745 vahid karbon krediti əldə edib. Bu,
Azərbaycanın bərpa olunan enerji layihələri üzrə beynəlxalq karbon
bazarında qazandığı ilk karbon kreditləri olmaqla
ölkənin “yaşıl enerji” tarixində mühüm mərhələ hesab olunur.
Karbon sertifikatlarının əldə edilməsi istiqamətində işlər davam
etdirilir. Hazırda Laçında yerləşən “Mişni”,
“Alxaslı” və “Ağbulaq-2” su
elektrik stansiyalarının beynəlxalq qeydiyyat prosesi davam edir.
Eyni zamanda Zəngilanda yerləşən “Şayıflı”,
“Cahangirbəyli”, “Zəngilan” və
“Şeylanlı” su elektrik stansiyalarının karbon
sertifikatları alması üçün hazırlanmış layihə sənədləri beynəlxalq
ekspertlər tərəfindən qiymətləndirilir.
Məlumat üçün bildirək ki, “AzərEnerji”
tərəfindən tikilən “Ağbulaq-2” və “Şeylanlı” su
elektrik stansiyaları bu ayın 11-də, digər stansiyalar isə
daha əvvəl -2023, 2024 və 2025-ci illərdə Prezident İlham Əliyevin
iştirakı ilə istismara verilib.

