Bakı. Trend:
Çinin avtomobil istehsalçısı “Geely” Amerikanın “Ford” şirkəti
ilə potensial tərəfdaşlıq barədə danışıqlar aparır.
Trend xəbər verir
ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, mümkün əməkdaşlıq çərçivəsində “Ford”un
Avropadakı zavodlarından istifadə etməklə “Geely” markalı
avtomobillərin istehsalı nəzərdə tutula bilər.
Məlumata görə, danışıqlar artıq bir neçə aydır davam edir. Bu
müddət ərzində həm Çində, həm də ABŞ-də hər iki şirkətin yüksək
səviyyəli rəhbərliyinin iştirakı ilə görüşlər keçirilib. Tərəflər
istehsalın lokallaşdırılması ilə yanaşı, xüsusilə
avtomatlaşdırılmış sürücülük texnologiyaları sahəsində əməkdaşlıq
imkanlarını da müzakirə edirlər.
Qeyd olunur ki, İspaniyanın Valensiya şəhərində yerləşən “Ford”
zavodu “Geely” avtomobillərinin Avropada istehsalı üçün potensial
məkan kimi nəzərdən keçirilir. “Ford”un Avropa müəssisələrində
istehsalın təşkili “Geely”yə Çin istehsalı elektrik
avtomobillərinin idxalına tətbiq olunan Avropa İttifaqı
tariflərindən yayınmaq imkanı verə bilər.

