Milli Aviasiya Akademiyasında ənənəvi “Fevral məruzələri” beynəlxalq elmi-praktik gənclər konfransının açılışı olub (FOTO)

Baş səhifə

Bakı.Trend:

Milli Aviasiya Akademiyasında (MAA) “Fevral məruzələri 2026:
Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı
XI beynəlxalq elmi-praktik gənclər konfransı öz işinə başlayıb.

Trend xəbər
verir ki, 3 gün davam edəcək beynəlxalq konfrans aerokosmik sahədə
gənc tədqiqatçıların yaradıcı potensialının dəstəklənməsi,
innovativ yanaşmaların təşviqi və elmi əməkdaşlıq imkanlarının
genişləndirilməsi baxımından mühüm akademik platforma kimi çıxış
edir.

Builki konfransda ümumilikdə 428 nəfər iştirak edir. Proqram
çərçivəsində 276 elmi məruzə dinləniləcək. Konfransa ABŞ, Türkiyə,
Almaniya, Koreya, Qazaxıstan, Rusiya, Özbəkistan və Qırğızıstan
kimi ölkələrdən 45 nəfər tədqiqatçı qatılıb.

Konfransın geniş institusional əhatə dairəsi də diqqətəlayiqdir.
Ümumilikdə tədbirdə 39 müxtəlif yerli və xarici universitet,
elmi-tədqiqat institutu, dövlət qurumu və aparıcı təşkilat təmsil
olunub. Bu fakt “Fevral məruzələri”nin artıq regionun aparıcı
gənclər elmi platformalarından birinə çevrildiyini göstərir.

Konfransı giriş sözü ilə açan birinci prorektor, professor
Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğlu
Paşayevin iştirakçılara salamlarını və təbrikini çatdırıb və
MAA-nın son 30 ildə keçdiyi inkişaf yolu haqqında məruzə ilə çıxış
edib.

Konfrans çərçivəsində 11 bölmə üzrə aerokosmik sahə, nəqliyyat,
energetika, iqtisadiyyat, hüquq, fundamental elmlər və texniki
inkişaf istiqamətlərində aktual problemlər müzakirə olunacaq.

Plenar iclasda Merilend Universitetinin (ABŞ) fəxri professoru
akademik Roald Saqdeyev, Moskva Fizika-Texnika İnstitutunun
professoru Emil Əhmədov, Helmholts Elmi-Tədqiqat Mərkəzinin
(Almaniya) əməkdaşı, Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri,
Azərbaycanın Əməkdar elm xadimi, professor Məsud Əfəndiyev və Piri
Reis Universitetinin (Türkiyə) elmi işlər üzrə müşaviri, Beynəlxalq
SARES cəmiyyətinin prezidenti, professor Hikmet Karakoç çıxış
edərək aerokosmik elmin gələcək inkişaf perspektivlərini və MAA-da
gənclərin innovasiyalara töhfəsini xüsusi vurğuladılar.

Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov
çıxış edərək bildirib ki, Milli Aviasiya Akademiyası akademik Arif
Paşayevin Azərbaycan xalqına verdiyi çox böyük bir töhfədir. “Müəssisə yaratmaq olar, onu inkişaf etdirmək olar. Amma bir elmi
mühit, bir düşüncə məktəbi yaratmaq hər kəsə nəsib olmur. Arif
Paşayev məhz bunu bacaran şəxsiyyətdir”,- deyə Milli Məclisin sədr
müavini qeyd edib.

Onun sözlərinə görə, Arif Paşayevin təşəbbüsü ilə keçirilən bu
konfranslar silsiləsi məhz bu ehtiyaca cavab verir və eyni zamanda
gənc nəslin düşüncəsinə elmin yaşaması zərurətini ötürür: “Keçirilən bu konfranslar, nəşr edilən elmi kitablar və
yetişdirilən mütəxəssislər bir daha göstərir ki, Milli Aviasiya
Akademiyası təkcə təhsil müəssisəsi deyil. Bu, milli düşüncənin,
elmi irsin və dövlət müstəqilliyinin daşıyıcısı olan bir
məkandır”.




ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bildirib
ki, çox gözəl bir konfrans təşkil olunub və konfransın məzmunu
olduqca düşünülmüş şəkildə hazırlanıb. “Xüsusilə qeyd etmək
lazımdır ki, Roald Saqdeyev Amerikadan gələrək bir daha öz
intellektual potensialını nümayiş etdirdi və yüksəksəviyyəli,
maraqlı bir məruzə ilə çıxış etdi”.

Hafiz Paşayevin sözlərinə görə, Arif Paşayev haqqında çox
danışmaq olar. O, heç vaxt kiməsə əziyyət verməkdən xoşlanmayan,
daim insanları və xüsusilə tələbələri ön planda tutan bir şəxsdir.
Bugünkü çıxışında da bunu aydın şəkildə gördük.

“Arif müəllim keçmişinə, həmkarlarına və ətrafındakı insanlara
həmişə sadiq olub, onların maraqlarını qorumağa çalışıb. Bu
baxımdan ondan öyrəniləsi çox şey var”,- deyə H.Paşayev
vurğulayıb.

Sonda Hafiz Paşayev Arif Paşayev adından hər kəsə təşəkkür edib.
Qeyd edib ki, akademik Arif Paşayevə tədbirin və ona yüksək
səviyyədə təşkil olunduğunu çatdıracağını bildirib.

Konfrans proqramına elmi müzakirələrlə yanaşı “Fundamental
elmlər və texniki inkişaf”, “Energetikanın müasir problemləri”
mövzularında dəyirmi masalar, eləcə də “İdeyadan nəşrə – məqalə
yazma bacarığı” və “Hava limanında yerüstü xidmətlərin
mərkəzləşdirilmiş rəqəmsal idarəetmə sisteminin qurulması”
mövzularında ustad dərsləri daxil edilib.

Bundan əlavə, tədbir çərçivəsində “Maliyyə uçotu” dərsliyi və
“Auditdə iqtisadi təhlil” dərs vəsaitinin təqdimatı nəzərdə
tutulub.

“Fevral məruzələri” beynəlxalq konfransı gənc tədqiqatçıların
aerokosmik innovasiyalara töhfəsi baxımından MAA-nın elmi
strategiyasının əsas istiqamətlərindən biri, həm də beynəlxalq elmi
əməkdaşlığın inkişafında mühüm resursdur.

Konfransın sonunda Azərbaycan Respublikasının əməkdar artisti,
pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Lalə Məmmədova
iştirakçılara uğurlar arzuladı və kiçik konsert proqramı ilə çıxış
edib.