Bu il maaş və pensiyalar nə qədər artacaq?

Baş səhifə

Bakı. Trend:

Ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz
azalsa da, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artıb.

Trend xəbər
verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü
plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, sənayedə qeyri neft-qaz sektorunun
artım tempi daha yüksək olub:

“Ötən il sənayenin qeyri neft-qaz sektorunda isə 5,5 faiz artm
qeydə alınıb. Enerji bazarlarındakı volatilliyə baxmayaraq, qeyri
neft-qaz sektorundakı artım iqtisadi inkişafın dayanıqlığını
gücləndirməkdədir. İslahatlar iqtisadiyyatın şaxələndirilməsi
prosesini də sürətləndirməkdədir. 2026-cı ildə qeyri neft-qaz
sektoru büdcə gəlirlərinin 57, ÜDM-in isə 68 faizini
formalaşdıracaq”.

Deputat vurğulayıb ki, yalnız ötən il reallaşan 5-ci sosial
paket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial
təminat sisteminin daha güclənməsinə xidmət edib:




“2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat
ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Prezident
İlham Əliyevin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat
əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq
əmək haqqı 8.1 faiz artmışdırsa, ötən ilin ilk 11 ayında artım 9.3
faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artım
fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir.
İlkin gözlənti 9.2 faiz maaş artımıdır”.

V.Bayramov əlavə edib, yaxın günlərdə bütün növ pensiyaların
indeksləşdirilərək artırılması baş verəcək:

“9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1,1
milyondançox vətəndaşımıza şamil olunaraq yanvar ayından
hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa
görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək
pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. 2026-cı
ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı
proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və
bu məbləğ 2025-ci illə müqayisədə 7.9 %-dən çox artım
deməkdir”.

Milli Məclisin üzvü qeyd edib ki, 2026-cı ilin dövlət
büdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılması
nəzərdə tutulur.

“Bu 2026-cı ildə də sosial müdafiənin güclənməsi əsas
prioritetlərdən olaraq qalacağından xəbər verir”, – deyə o fikrini
tamamlayıb.