
Bakı. Trend:
ABŞ-nin “Zerust Integrity Solutions” şirkəti gələn il üzrə
Azərbaycanda neft-qaz sahəsi üzrə bir sıra müəssisə və
platformalarda korroziyaya qarşı xidmətlərini təqdim etməyi
planlaşdırır.
Bunu şirkətin Xəzər regionu üzrə rəhbəri Ruslan Cəfərov bu gün
Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings
Conference” tədbiri çərçivəsində Trend-ə açıqlamasında deyib.
O, şirkətin Azərbaycandakı fəaliyyət istiqamətlərindən bəhs
edib:
“Azərbaycanda 5 ildən çoxdur ki, fəaliyyət göstəririk. 50 illik
tarixə malik müəssisəmizin mərkəzi ofisi ABŞ-də yerləşir və 70
ölkədə məhsul və xidmətlərimizi təqdim edirik.
Əsas fəaliyyət istiqamətimiz hər hansı zavodlarda, müəssisələrdə
kimyəvi məhsullarımızla korroziyanın qarşısını almaqdır. Nəticədə
həmin müəssisələrin ömrünü 10 ilədək artırmış oluruq”.
Şirkət rəsmisi indiyədək Azərbaycanda strateji əhəmiyyətli
layihələrdən iştirakla bağlı Səngəçal terminalında fəaliyyətlərini
qeyd edib və növbəti təklifləri dəyərləndirdiklərini
vurğulayıb:
“Hazırda ölkədə bir neçə neft-qaz platformasında korroziyaya
qarşı xidmətlər göstəririk. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)
ilə birgə görüşlər keçiririk. Danışıqlarımızda gələn il üzrə Heydər
Əliyev adına Neft Emalı Zavodu (NEZ) və onun nəzdində olan
müəssisələrdə məhsul və xidmətlərimizin göstərilməsini müzakirə
edirik”.

