
Bakı. Trend:
Dekabrın 8-də Heydər Əliyev Mərkəzində “İslam dünyasında süni
intellekt indeksinin təqdimatı” beynəlxalq konfransının açılışı
olub.
Trend xəbər verir ki, Heydər
Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və
ICESCO-nun tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi İslam
dünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçinin
süni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirə
etməkdir.
Qeyd edək ki, süni intellektin inkişaf trendlərinin elmi
əsaslarla ölçülməsi üçün hazırlanmış “İslam dünyasında süni
intellekt indeksi” sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim
olunur.
Konfransın açılışında çıxış edən Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyeva bildirib ki, süni intellekt (AI) artıq gündəlik
həyatın mühüm bir hissəsinə çevrilib. Onun sözlərinə görə, bu sahə
böyük imkanlar yaratmaqla yanaşı, yeni suallar və məsuliyyətlər də
ortaya çıxarır. Cəmiyyətin süni intellektin təsirini düzgün
qiymətləndirməsinin, gənclərin risklərdən qorunaraq bu
texnologiyanın imkanlarına yönləndirilməsinin vacibliyi xüsusi qeyd
olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti diqqətə çatdırıb ki,
Azərbaycan bu istiqamətdə ardıcıl addımlar atır. 2025–2028-ci illər
üçün Milli Süni İntellekt Strategiyası çərçivəsində milli süni
intellekt ekosisteminin qurulması, dövlət xidmətləri üçün
Azərbaycan dilində AI modelinin hazırlanması, dövlət qurumları üçün
standartların müəyyənləşdirilməsi və Süni İntellekt Akademiyasının
yaradılması nəzərdə tutulur.
L.Əliyeva Heydər Əliyev Fondunun artıq 20 ildir təhsili
fəaliyyətinin əsas istiqaməti kimi müəyyən etdiyini xatırladıb.
Deyib ki, Fond bu müddət ərzində Azərbaycanda 500-dən çox məktəb
binası inşa edib və yenidən qurub, uşaq bağçalarını və internat
müəssisələrini modernləşdirib, minlərlə uşağı müasir tədris
vasitələri ilə təmin edib.
O diqqətə çatdırıb ki, süni intellekt dövrünə keçid bu
missiyanın əhəmiyyətini daha da artırır. Onun fikrincə, süni
intellekt, sadəcə, texnologiya deyil, hər bir uşaq üçün yeni imkan
deməkdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin vurğulayıb ki,
süni intellekt ətraf mühitin qorunmasında da mühüm rol oynaya
bilər. Nadir heyvan növlərinin izlənməsi, iqlim dəyişikliklərinə
nəzarət, meşələrin mühafizəsi, su ehtiyatlarının qorunması və
dayanıqlı kənd təsərrüfatının inkişafı bu imkanlar
sırasındadır.
Leyla Əliyeva çıxışında ICESCO ilə əməkdaşlığa da toxunub. Bu
tərəfdaşlıq çərçivəsində Burkina-Fasoda məcburi köçkün qızlar üçün
məktəblərin inşası, eləcə də Mali, Çad və Komor adalarında
layihələrin davam etdirildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki,
BMT-nin İnkişaf Proqramı ilə birgə gənclər və əlilliyi olan şəxslər
üçün regional informasiya və kommunikasiya texnologiyaları
mərkəzlərinin yaradılması bu istiqamətdə həyata keçirilən mühüm
işlərdəndir.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev çıxışında
bildirib ki, Heydər Əliyev Fondu uzun illərdir təhsil sahəsində
mükəmməlliyi təşviq edir, innovativ təşəbbüsləri dəstəkləyir,
uşaqlar və gənclər üçün geniş imkanlar yaradır. Fondun fəaliyyəti
həm Azərbaycanda, həm də İslam dünyasında təhsilin
gücləndirilməsində əvəzsiz rol oynayır.Nazir diqqətə çatdırıb ki,
Elm və Təhsil Nazirliyi Heydər Əliyev Fondu ilə birlikdə cəmiyyətin
sosial və mədəni inkişafına töhfə verən ortaq məqsədlərin həyata
keçirilməsindən qürur duyur. Emin Əmrullayev vurğulayıb ki, süni
intellekt artıq həyatımıza, iş fəaliyyətimizə və öyrənmə
proseslərimizə təsir göstərir. Süni intellekt daha güclü, daha
ədalətli və fərdi öyrənənlərə uyğunlaşdırılmış təhsil sistemlərinin
qurulması üçün böyük potensiala malikdir. Lakin bu texnologiyadan
məsuliyyətlə, etik prinsiplərə uyğun və düşünülmüş şəkildə istifadə
olunmalıdır.
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik çıxışında
qeyd edib ki, bəşəriyyət yeni bir mərhələnin – süni intellekt
dövrünün astanasındadır. Bu, bacarıqları və təsiri formalaşdıran
qüvvədir. O bildirib ki, süni intellekt artıq strateji hədəfə
çevrilib: onu qəbul edənlər inkişafı sürətləndirir, ona qarşı
çıxanlar isə tərəqqinin başqa istiqamətlərdə getdiyini görür və
geridə qalacaqlar.
O əlavə edib ki, süni intellekt yalnız texnologiya deyil, həm də
imkan yaradan bir vasitədir. Onun tətbiqi təhsil, səhiyyə,
idarəetmə və digər sahələrdə innovativ həllər təqdim edir.
ICESCO-nun Baş direktoru ölkələrimiz arasında mövcud
əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.
Sonra konfrans çərçivəsində ICESCO və Həmdan Bin Rəşid Əl Maktum
Fondunun 4-cü birgə “Həmdan-ICESCO” mükafatının təltif edilmə
mərasimi keçirilib.
Qeyd edək ki, bu mükafat İslam dünyası ölkələrində tədris
müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi
təşəbbüslərinə töhfələrə görə təqdim edilir.Heydər Əliyev Fondu
İslam dünyası və digər ölkələrdə məktəblərin tikinti-bərpasına
yönələn təhsil və sosial dəstək üzrə layihələrinə görə bu mükafatla
təltif olunur.
Mükafat, eyni zamanda, Yəmənin Hadramaut Təhsil İnkişaf Fondu və
Mərakeşin Birinci Səviyyə Təhsil Fonduna təqdim edilib.
Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin
Həmdan bin Rəşid Əl Maktum çıxışında “Həmdan-ICESCO” mükafatı
qaliblərini təbrik edərək deyib: “Siz bu gün təhsil mühitinə və
təhsil alanlara qayğı göstərən xeyriyyə təşkilatları, donorlar və
ianəçilər üçün fəxr və ilham mənbəyi olmusunuz. Təhsilə dəstək üçün
könüllülük səylərinin mədəniyyətini və təsirini yaymaq
məsuliyyətimizdən geri çəkilməyəcəyik”.
Konfrans daha sonra “Təhsildə innovasiya: süni intellektin İslam
dünyasında təsiri və imkanları” mövzusunda panel müzakirələrlə
davam edib.
Müzakirələrdən əvvəl çıxış edənlər vurğulayıblar ki, süni
intellekt artıq həyatımızın müxtəlif sahələrinə təsir göstərir və
gələcək nəsillərin inkişafında mühüm rol oynayacaq.
Qeyd edilib ki, təhsil sistemi və elm sahəsində süni intellektin
tətbiqi tədris prosesini daha səmərəli, innovativ və interaktiv
hala gətirir.
Bildirilib ki, süni intellekt tədqiqat sahələrində yeni imkanlar
yaradır, iqtisadiyyatın müxtəlif istiqamətlərində səmərəliliyi
artırır və gələcək iş bazarının tələblərinə uyğun peşələrin
inkişafına təkan verir.
Daha sonra ICESCO-nun Perspektiv Araşdırmaları və Süni İntellekt
Mərkəzinin nümayəndəsi Viam Şafikin moderatorluğu ilə keçirilən
paneldə çıxış edənlər ölkələr arasında təcrübə mübadiləsinin,
əməkdaşlığın və süni intellekt sahəsində regional təşəbbüslərin
gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Digər paneldə çıxış edən qonaqlar süni intellekt sahəsində
ölkələrarası əlaqələndirmənin gücləndirilməsinin, etik və
sosial-iqtisadi aspektlərin araşdırılmasının, dayanıqlı və inklüziv
texnoloji inkişafın təmin olunmasının önəmini vurğulayıblar. Qeyd
edilib ki, bu təşəbbüslər yalnız texnoloji tərəqqiyə deyil, həm də
insan kapitalının inkişafına, təhsil keyfiyyətinin yüksəlməsinə və
regional əməkdaşlığın dərinləşməsinə töhfə verir.
Konfransın sonunda İslam dünyasında süni intellekt indeksi üzrə
Bakı Bəyannaməsi qəbul edilib.
Sənəddə bildirilir ki, İslam dünyası süni intellektin
cəmiyyətlərə və iqtisadiyyatlara dərin təsirini qəbul edir, süni
intellekt indeksini rəqəmsal dövrdə ICESCO-nun təhsil, elm və
mədəniyyətin inkişafı missiyasınıyerinə yetirmək üçün həyati
əhəmiyyətli yeni bir vasitə kimi alqışlayır, süni intellektin
təhsil, səhiyyə, mədəni mühafizə, iqtisadi inkişaf və ətraf mühitin
idarə olunmasını inkişaf etdirmək potensialını nəzərə alaraq, eyni
zamanda sui-istifadə, bərabərsizlik və təhlükəsizlik tədbirlərinin
olmaması kimi riskləri də qəbul edir.
ICESCO-ya üzv dövlətlər və beynəlxalq tərəfdaşlarəməkdaşlığı
gücləndirmək əzmini, İslam dünyasının dəyərlərinin və istəklərinin
beynəlxalq süni intellekt müzakirələrində təmsil olunmasını təmin
etmək öhdəliyini bir daha təsdiqləyirlər. Üzv dövlətlər bəyan
edirlər ki, Bakıda süni intellekt indeksinin təqdimatı İslam
dünyası üçün əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur.
Sənəd beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlığı, birgə
layihələrin reallaşdırılmasını təşviq edir, sülhə, inkişafa və
gələcək nəsillərin rifahını təmin etmək öhdəliyini təsdiqləyir. Üzv
dövlətlər Bəyannamə əsasında milli süni intellekt strategiyaları
hazırlayıb etik təhlükəsizlik tədbirlərini, sektor prioritetlərini
və inklüziv inkişafı təmin edə biləcəklər.
Həmçinin qonaqlar konfrans çərçivəsində Heydər Əliyev Mərkəzində
təqdim olunan “Mənim dənizlərim, mənim okeanlarım” (“My Seas, My
Oceans”) sərgisinə baxıblar. Sərgi iqlim dəyişikliyi, qlobal
istiləşmə və həssas ekosistemlər dövründə planetimizin ən həyati
ehtiyatlarından biri – su mənbələrinin qorunmasının vacibliyini
vurğulamaq məqsədi daşıyır.


