
Bakı. Trend:
Uzun illər ərzində Azərbaycanla Böyük Britaniya arasında
iqtisadi əməkdaşlıq daha çox enerji sektoruna əsaslanırdı. Xəzər
hövzəsində birgə hasilat layihələri, beynəlxalq enerji kəmərləri və
iri həcmli sərmayələr iki ölkə arasında strateji əlaqələrin başlıca
dayağı idi. Lakin regionda yaranan yeni siyasi və təhlükəsizlik
konfiqurasiyası əməkdaşlığı tamamilə fərqli müstəviyə daşıyır. Bu
gün əməkdaşlıq enerji çərçivəsini aşaraq, təhlükəsizlik, müdafiə
sənayesi, texnologiya və post-münaqişə bərpa proseslərini əhatə
edən yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin formalaşmasında həm
qarşılıqlı maraqlar, həm də artan siyasi etimad əsas rol
oynayır.
Bunu Trend-ə
politoloq Azər Qarayev deyib.
“Ötən gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould
sosial şəbəkədəki paylaşımında vurğuladı ki, London müdafiə
sahəsində tərəfdaşlığı sadəcə texniki əməkdaşlıq kimi deyil,
etimada əsaslanan uzunmüddətli strateji mexanizm kimi
qiymətləndirir. O həmçinin qeyd etdi ki, Böyük Britaniya
Azərbaycanla müdafiə əməkdaşlığından qürur duyur. Bu sözlər də
Londonun Azərbaycanla əməkdaşlığı genişləndirməkdə, daha çox
sahələrdə daşımaqda maraqlı olduğunun sübutudur. Tərəfdaşlığın
strateji müstəviyə keçdiyini təsdiqləyən əsas hadisələrdən biri
Böyük Britaniyanın müdafiə naziri lord Veron Koakerin Bakıya səfəri
və Prezident İlham Əliyevlə görüşü oldu. Prezident İlham Əliyev
hazırda ölkələrimiz arasında müdafiə sənayesi sahəsində
əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu
qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirdi. Bu isə ölkələr
arasında doğurdan da bu sahədə yeni səhfəinin açıldığını göstərir.
Prezident İlham Əliyev həmçinin ticarət, investisiya və digər
sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların
olduğunu dedi. Yəni Azərbaycan və Böyük Britaniya bütün sahələrdə
əməkdaşlığı gücləndirmək niyyətindədirlər və bunun üçün bütün
şərait var”, – o bildirib.
Onun sözlərinə görə, tərəfdaşlığın praktiki əsasını gücləndirən
mühüm məqamlardan biri Böyük Britaniyanın bu il Azərbaycana silah
və müdafiə sənayesi məhsullarının ixracına tətbiq etdiyi embarqonu
aradan qaldırmasıdır.
“Britaniyanın dövlət naziri Stiven Dauti tərəfindən elan edilən
qərar birbaşa müqavilələrə, müasir texnologiyaların transferinə,
müdafiə sənayesində texnoloji əməkdaşlığa yeni imkanlar açır. Bu
addım Londonun Bakıya siyasi etimadının açıq ifadəsidir. Koaker
Bakıdakı görüşdə Prezident İlham Əliyevi Ermənistanla normallaşma
prosesində əldə edilən irəliləyişlərə görə təbrik edib. Bu açıqlama
Londonun regionda sülh təşəbbüslərinin təşəbbüskarı kimi məhz
Azərbaycanı gördüyünü göstərir”, – o bildirib.
A.Qarayev qeyd edib ki, Böyük Britaniyanın sülh prosesinə açıq
dəstəyi bu əməkdaşlığın yalnız ikitərəfli səviyyədə deyil, regional
sabitlik baxımından da əhəmiyyət kəsb etdiyini ortaya qoyur.
“Londonun Azərbaycanın təşəbbüslərini dəstəkləməsi,
təhlükəsizlik əməkdaşlığını məhz bölgədə sülhün möhkəmlənməsi ilə
əlaqələndirməsi bu münasibətlərə əlavə strateji dəyər qazandırır.
Beləliklə, Azərbaycan–Böyük Britaniya tərəfdaşlığı artıq enerji
sahəsində qurulan münasibətdən ibarət deyil; bu model siyasi
etimadın artırdığı təhlükəsizlik əməkdaşlığına, texnoloji istehsal
imkanlarına və regional sülhə xidmət edən strateji birlikliyə
çevrilir. Gələcəkdə müdafiə sənayesi üzrə birgə layihələrin
gerçəkləşməsi bu münasibətləri daha da dərinləşdirə və iki ölkə
əlaqələrini yeni strateji mərhələyə daşıya bilər”, – politoloq
əlavə edib.

