Bakı. Trend:
Bu gün Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı
Elke Büdenbenderin Kral III Çarlzın dəvəti ilə Böyük Britaniyaya
dövlət səfəri başlanır.
Trend xəbər verir
ki, bu, son 27 ildə Almaniya Prezidentinin Birləşmiş Krallığa ilk
dövlət səfəridir.
Dekabrın 5-dək davam edəcək səfər çərçivəsində Prezident cütlüyü
Vindzor sarayında Kral III Çarlz və Kraliça Kamilla tərəfindən
rəsmi şəkildə qarşılanacaq. Günün ikinci yarısında Ştaynmayerin Baş
nazir Kir Starmer ilə görüşü planlaşdırılır. Səfərin ilk günü
Vindzor sarayında təşkil olunacaq dövlət ziyafəti ilə
yekunlaşacaq.
Səfərin ikinci günündə Prezident və xanımı Kraliça II Elizabetin
məzarını ziyarət edəcək, vətəndaş cəmiyyəti fəalları və
könüllülərlə görüşəcək, həmçinin Britaniya parlamentində çıxış
edəcəklər.
Sonuncu gün Ştaynmayer Koventri şəhərinə səfər edəcək. Burada
Koventri katedralı ilə tanışlıq, alman və britaniyalı hərbçilərlə
görüş, eləcə də “Siemens Healthineers” şirkətinə başçəkmə
planlaşdırılır. Səfər Prezidentə Oksford Universitetinin fəxri
doktoru adının təqdim olunması mərasimi ilə başa çatacaq.

