Bu il sığınacağa yerləşdirilənlərin şəxslərin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan
şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin
müxtəlif şöbələrində bu il ərzində ümumilikdə 217 nəfərə xidmət
göstərilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər
Agentliyindən məlumat verilib.

Bildirilib ki, həssas əhali qruplarından olan şəxslər üçün
Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində xüsusi qayğıya
ehtiyacı olan şəxslər sosial xidmətlərlə əhatə olunur və onların
cəmiyyətə reinteqrasiyasına dəstək göstərilir:




“Buraya qəbul edilən şəxslərin sosial xidmətə olan tələbatı
qiymətləndirilir, hər bir sakin üçün fərdi plan hazırlanır.
Müəssisəyə qəbul olunanlar zəruri xidmətlərlə təmin olunurlar və bu
müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri
və geyimlə təmin edilirlər.

Müəssisəyə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə
olan yetkinlik yaşına çatmayan şəxslər, müəyyən yaşayış yeri
olmayan şəxslər, məişət zorakılığı qurbanları və görmə qabiliyyəti
məhdudluğu olan 5-29 yaşlı şəxslər qəbul edilirlər. Bu il ərzində
müəssisənin müxtəlif şöbələrində xidmət göstərilən 217 nəfərdən
79-u kişi, 56-sı qadın, 82-si uşaqdır”, – deyə məlumatda qeyd
olunub.