Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC
sərnişin tələbatının qarşılanması və məmnunluğunun artırılması
məqsədilə Bənövşəyi xətdə qatarların hərəkət intervalını ilk dəfə 5
dəqiqəyədək azaldıb.
Trend xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”QSC məlumat
yayıb.
Bildirilib ki, rəqəmsal həllərin tətbiqi, texniki tənzimləmə və
optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb,
xəttə əlavə bir qatar buraxılıb. Nəticədə “Avtovağzal–Xocəsən”
sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr”
sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə endirilib.
Bu addım sərnişin axınının daha çevik idarə olunmasına, eyni
zamanda ümumi xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb.
Bakı metropolitenində sərnişin rahatlığının təmin olunması
istiqamətində texniki və təşkilati tədbirlərin həyata keçirilməsi
bundan sonra da davam etdiriləcək.

