Bakı. Trend:
Qırğızıstan Daxili İşlər Nazirliyi parlament seçkilərindən sonra
kütləvi iğtişaşlar törətməyi planlaşdıran qrupu ifşa edərək
fəaliyyətinin qarşısını alıb.
Trend-in
məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti sosial
şəbəkələrdə açıqlama yayıb.
Bildirilib ki, qrupun tərkibinə siyasi xadimlər, keçmiş
deputatlar, sabiq dövlət qulluqçuları və güc strukturlarının
əməkdaşları daxil olub. Onlar tərəfdarları, o cümlədən OPG və idman
birliklərini təxribat və toqquşmalara cəlb edərək seçkilərdən sonra
kütləvi iğtişaş yaratmağa çalışıblar.
Seçki nəticələri elan edildikdən sonra ölkənin cənubundan
başlayaraq Bişkek və bölgələrdə mitinqlər təşkil etməyi
planlaşdıran 10 nəfər saxlanılıb. Qrup kütləvi narazılıq görüntüsü
formalaşdırmaq istəyib.
Mətbuat xidmətinin məlumatına görə, onların planına
antikonstitusion çağırışlar, inzibati binaların, telekanalların,
güc strukturlarına məxsus obyektlərin, silahların və penitensiar
müəssisələrin ələ keçirilməsi də daxil olub.
Axtarışlar zamanı silah və sursat, qumbaralar, rabitə
vasitələri, 150 min ABŞ dolları, iğtişaşların maliyyələşdirilməsinə
dair sənədlər, fəaliyyət planları və narkotik vasitələr
götürülüb.
Qırğızıstanın birpalatalı parlamentinə növbədənkənar seçkilər 30
noyabr 2025-ci ildə keçiriləcək.

